Azərbaycanın gömrük sistemində YENİLİK: "Bir inspektor - bir nəqliyyat vasitəsi"
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda "vahid pəncərə" sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirilir.
Publika.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postuna təşkil edilən mediaturda deyib.
O bildirib ki, "Qoşa Təpə" gömrük postunda bir aya yaxın müddət ərzində "vahid pəncərə" sistemini təkmilləşdirmək üçün "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsinə başlanılıb:
"Layihənin mahiyyəti ondan ibarətdir ki, burada vətəndaş bir inspektor ilə təmasda olur. Belə ki, digər gömrük postlarında tətbiq edilən "bir pəncərə" sistemində bir neçə şəxs öz sahələri üzrə vətəndaşa xidmət göstərirsə, "Qoşa Təpə" gömrük postunda bir şəxs bütün sahələr üzrə (sənəd, yol vergisi, icazə blankı, qeydiyyat, malların qeydiyyatı, nəqliyyatın qeydiyyatı və s.) bir vətəndaşa xidmət göstərir. Odur ki, digər məntəqələrdə 10-15 dəqiqə ərzində cəmi bir sürücüyə xidmət göstərilirdisə, burada həmin müddətdə inspektor sayından asılı olaraq 4-5 sürücü yola salınır. Gömrük prosedurları 5 dəqiqə ərzində başa çatır, daha sonra sürücü məntəqələrdə qoyulan ödəniş terminalından məbləği ödəyir və elektron imza ilə gömrük idarəsinin qaydalarına əməl edəcəyinə dair öhtəlikləri təsdiqləyir".
A.Abbasov onu da qeyd edib ki, hazırda yalnız "Qoşa Təpə" gömrük postunda sözügedən pilot layihə tətbiq edilir:
"Bu sistem özünü doğruldarsa, pilot layihəni bütün sərhəd məntəqələrində tətbiq etməyi planlaşdırırıq. Müvəqqəti idxal rejimində respublikaya daxil olan sürücü və nəqliyyat vasitəsi gömrükdə "Xüsüsi diqqət siyahısı"na salınır. Respublika ərazisinə daxil olan şəxs üzərində qeydiyyatda olan mal və nəqliyyat vasitəsi olmadan çıxış edə bilməz. Əgər hər hansı bir səbəbdən sürücünün təcili respublikadan çıxması lazım olarsa, üzərində qeydiyyatda olan mal və nəqliyyat vasitəsi Gömrük məntəqəsi tərəfindən nəzarətə götürülür və şəxsin adı xüsusi qeydiyyat siyahısından çıxarılır. Hər bir sürücü ölkəyə daxil olduğu andan ona 90 gün vaxt verilir. Bu müddət bitdikdən sonra isə həmin şəxslərə nəqliyyat vasitəsinin dəyərindən asılı olaraq cərimə tətbiq edilir".
Könül