İqtisadiyyat

Azərbaycana milyonlar qazandıracaq sərvət: 2022-ci ilə qədər 300 min tona çatacaq

Metbuat.az

Hazırda Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusən aqrar sektorun inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Bu gün kənd təsərrüfatı sahəsində maddi-texniki bazasının gücləndirilməsi, xidmət servislərinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, daxili bazarın yerli məhsullarla təmin edilməsi, eləcə də ixracın artırılması kimi mühüm vəzifələr dayanır.

Strateji məhsul olan pambıqçılıq Azərbaycan iqtisadiyyatının inkişafında hər zaman mühüm rol oynayıb və hələ Ulu Öndərin zamanında sürətlə inkişaf etməyə başladı. 1981-ci ildə bu sahədə bir milyard ton həcmində pambıq istehsal olundu.

Bu sözləri Publika.az-a Gəncə Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Həsənəli Aslanov deyib. O bildirib ki, hələ o dövrdə ölkədə əhalinin rifahının yaxşılaşdırılması, vətəndaşların işlə təmin edilməsində pambıqçılığın mühüm əhəmiyyəti olub:

“Pambıqçılıq strateji əhəmiyyətli bitki olması ilə yanaşı, çoxşaxəli istifadəyə yararlı bitkdir. Belə ki, bu gün pambıqdan 250 çeşid məhsul istehsal edilir. Hazırda yer üzərində 250-yə yaxın ölkə var və onlardan 80-də pambıq becərilir. Bu ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz coğrafi cəhətdən pambıqçılığın inkişafı üçün olduqca əlverişli istiqamətdə yerləşir. Bu və digər kənd təsərrüfatlarının inkişafı ilə biz ölkənin neftdən asılılığını azaldacağıq. Birjalara diqqət etsəniz pambığın qiyməti olduqca bahadır. Xarici ölkələrə pambıq satışı iqtisadiyyatın inkişafına daha da güclü təkan verəcək. Mən 10 ilə yaxın Pambıqçılıq İnstitunun direktoru olmuşam. İnstitut 1925-ci ildə ruslar tərəfindən inşa edilmişdi. Ruslar da bilirdi ki, Azərbaycanda pambıqçılığın inkişafı üçün münbit şərait və güclü işçi qüvvəsi var və bu xammalla iqtisadiyyat gücləndirilə bilər. Son 20 ildə pambığın yüksək inkişaf potensialana malik olan növləri yetişdirilir. Bu növlərin məhsuldarlığı isə istehsalat şəraitindən asılı olaraq artıq. Bitkilərin yaşaması üçün 5 amil – hava, işıq, istilik, su və qida mühüm əhəmiyyət kəsb edir. Xüsusilə qida rejimini nizamlamaqla, yüksək aqrotexnika şəraitində istənilən qədər keyfiyyətli məhsul əldə etmək olar. İntensiv əkinçiliyə keçməklə pambıqçılığın inkişafı davam etdirilərsə, biz bu sahədə istər ölkə daxilində, istərsə də ölkə xaricində çox böyük nailiyyətlər əldə edəcəyik. Prezident İlham Əliyev 2016-cı il yanvarın 26-da Regionalların sosial iqtisadi inkişafına həsr olunan tədbirdə pambıqçılığın inkişafına xüsusi diqqət yetirilməli olduğumuzu diqqətə çatdırdı. Bu istiqamətdə dövlət proqramı qəbul olundu və məqsəd 2022-ci ildə ölkə daxilində pambıq istehsalını 300 min tona çatdırmaqdır. Bunun üçün bizdə potensial var, çünki Sovet dövründə Bərdədə 100 min tona yaxın pambıq istehsal edilirdi. Keçən il üçün 136 min hektar sahədən 207 min ton pambıq istehsal olunub ki, bu belə az nəticədir”.

H.Aslanov onu da əlavə edib ki, xaricdən toxum gətirilməsinin tamamilə minimuma endirmək üçün ölkə daxilində toxumçuluğun da inkişafı sistemli şəkildə qurulmalıdır:

“Pambığın elə növləri var ki, ölkə daxilində 110-120 günə yetişir. Amma buna baxmayaraq, biz yenə də bəzi növ toxumları Yunanıstan və Türkiyədən gətiririk. Çünki o növlər o ölkələrdə daha tez yetişir. Hazırda Gəncədə yerli pambıq növləri arsında 60 faizə qədər artım var. Qarşıdakı senytabr ayında məhsul toplanacaq. Pambıq yığımından sonra ora taxıl bitkiləri əkilir ki, torpaq qidalansın. Təkrar-təkrar eyni bitki toxumlarının əkilməsi torpağın məhsuldarlığını da azaldır. Növbəli əkində pambığın xüsusi əhəmiyyəti var. Yaxın gələcəkdə biz pambığı dünya bazarına daha yaxşı qiymətlərlə çıxara biləcəyik. Artıq Mingəçevirdə pambıqçılığın inkişafı ilə bağlı fabrik tikilir. Onu deyim ki, pambıqçılığın inkişafı torpaq münbitinin qorunması, həm də heyvandarlığın inkişafı deməkdir. Pambığın çiyidi heyvandarlıqda ən mühüm yem hesab olunur. O çiyiddən pambıq yağı əldə edilir. Bu gün biz pambıq yağı istehsal edən zavod tiksək və keyfiyyət dərəcəsindən asılı olaraq, məhsulu dünya bazarına çıxara bilərik. Ölkə başçımız iqtisadiyyatın sürətli inkişafı üçün kənd təsərrüfatına xüsusi diqqət ayırmaqla, əhalinin yaşayış səviyyəsinin də yüksəlməsinə zəmin yaradıb”.

Könül