Yəmən: Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Hadi tərəfdarlarına silah çatdırırlar
Bakı, 4 aprel,
AZƏRTACYəməndə Səudiyyə Ərəbistanı tərəfindən bu ölkəyə endirilən hava zərbələrinə qarşı yeni etiraz aksiyaları keçirilir.
AZƏRTAC
Euronews telekanalına istinadla xəbər verir ki, Səna şəhərinin küçələrinə çıxan bir neçə min insanın əksəriyyəti keçmiş prezident Əli Abdullah Salehin tərəfdarlarıdır.
Bu arada Yəməndəki böhranlı vəziyyətdən istifadə edən “Əl-Qaidə” qruplaşması ölkənin cənubunda yerləşən Mukalla şəhərindəki iri hərbi bazanı ələ keçirib. Yəməndə Səudiyyə Ərəbistanını, həmçinin “Əl-Qaidə”ni dəstəkləməkdə də ittiham edirlər.
Eyni zamanda “ərəb koalisiyasının” Hərbi Hava Qüvvələri “Ənsar Allah” hərəkatının tərəfdarları olan husi-şiə üsyançılarının mövqelərinə hava zərbələrini davam etdirirlər. Səudiyyə Ərəbistanının hərbi təyyarələri isə yerli əhalidən təşkil olunmuş Abd Rabbo Mansur Hadinin tərəfdarları-könüllülərdən ibarət xalq müqavimət komitəsi döyüşçülərinə atıcı silah, sursat və rabitə vasitələri çatdırır.
Döyüşlərin davam etdiyi əsnada Çin, Pakistan, Türkiyə və Rusiyanın da aralarında olduğu ölkələr öz vətəndaşlarını Yəməndən çıxarmaqda davam edirlər.