Ukraynanın paytaxtında GUAM-ın ümumi bazarının yaradılması imkanları müzakirə edilib
Kiyev, 4 aprel,
AZƏRTACAprelin 2-3-də Ukraynanın paytaxtında, GUAM-ın Katibliyində qurumun üzvü olan dövlətlərin müvafiq idarələrinin, səfirliklərinin, habelə Katibliyin nümayəndələrinin iştirakı ilə ticarət və iqtisadiyyat üzrə işçi qrupunun 14-cü iclası keçirilib. Bu barədə
AZƏRTAC-a GUAM-ın Kiyevdəki qərargahından məlumat veriblər.
Tərəflər qurumun üzvü olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Saziş üçün malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında protokolun və qurumun üzvü olan dövlətlər arasında azad ticarət zonası haqqında 2002-ci il 20 iyul tarixli Sazişin tərəflərin fəaliyyətini əlaqələndirən işçi orqanın yaradılması və fəaliyyət qaydasının təsdiq edilməsi haqqında protokolun layihələrini müzakirə ediblər.
İclas iştirakçıları GUAM-ın ümumi bazarının yaradılması imkanları barədə fikir mübadiləsi də aparıblar.
Növbəti profil iclası bu ilin ikinci yarısında keçiriləcək. İclasın keçirilməsinin tarixi və yeri diplomatik kanallarla razılaşdırılacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev