Türkiyə Vatikan dövlətinə etiraz edib
İstanbul, 12 aprel,
AZƏRTACVatikan dövlətinin Ankaradakı səfiri Lusibello Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Yerli mətbuatın yaydığı məlumatlarda bildirilir ki, Roma Papası Fransiskin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlərə qarşı Türkiyənin etirazı səfir Lusibelloya çatdırılıb. Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında sözügedən mövzu ilə bağlı yerləşdirilmiş məlumatda qeyd olunur ki, soyqırımı anlayışı hüquqi məsələdir. Dini rəhbərlərin xalqlar və dövlətlər arasında sülh və dostluğa zərər vuran ifadələr işlətməsi mənəvi dəyərləri özündə əks etdirmir. Rəsmi mənbələrdə bildirilir ki, Türkiyənin Vatikandakı səfiri Mehmet Paçacı məsləhətləşmələr məqsədi ilə Ankaraya çağırılıb.
Xatırladaq ki, uydurma “erməni soyqırımı” məsələsinin 100-cü ildönümünə ciddi hazırlaşan erməni tərəfi dünyadakı ikili standartlardan istifadə etməklə Türkiyəyə qarşı əsassız iddialarını gerçəkləşdirməkdə israrlıdırlar. Tarixi həqiqətlər isə tamam başqadır: erməni silahlıları, hələ Birinci Dünya müharibəsinə qədər Azərbaycan xalqına qarşı ağır cinayətlər həyata keçiriblər. Birinci Dünya müharibəsində isə onlar faktiki olaraq silahlı qiyamlar qaldırmaqla Osmanlı dövlətinə qarşı döyüşən tərəf kimi çıxış ediblər. Azərbaycanın Quba bölgəsində və müasir Türkiyənin Qars vilayətində türk və müsəlman əhaliyə qarşı erməni silahlılarının həyata keçirdikləri soyqırımların nişanəsi olan kütləvi məzarlıqlar vardır. Bundan başqa, 1992-ci ilin fevralında Ermənistan dövlətinin həyata keçirdiyi Xocalı soyqırımı müasir dünyanın gözü qarşısında törədilmiş hərbi cinayətdir. Bütün bu tarixi acı gerçəkliklər qarşısında uydurma “erməni soyqırımı” mövzusunu dilə gətirməyin isə yalnız bir adı var; ikili standartlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul