TuranBank ECO Ticarət və İnkişaf Bankı ilə 2 milyon dollar həcmində kredit sazişi imzalayıb
Bakı, 9 aprel,
AZƏRTACTuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndimək məqsədilə 2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, cəlb olunan vəsaitlər banka üzv və digər ölkələrarası idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq. Bu, TuranBankın ECO Ticarət və İnkişaf Bankı ilə imzaladığı sayca ikinci kredit sazişidir. Bank ötən il bu maliyyə qurumundan kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsini genişləndimək məqsədilə 4 il müddətinə 3 milyon ABŞ dolları həcmində vəsait cəlb edib.
ECO Ticarət və İnkişaf Bankının üzv dövlətləri Azərbaycan, İran, Pakistan, Əfqanıstan və Türkiyədir. Bank, region ölkələrində ictimai və özəl sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.