The Times: Avropa İttifaqı Yunanıstanı avrozonadan xaric etmək üçün gizli plan hazırlayır
Bakı, 11 aprel,
AZƏRTACAvropa valyuta cəmiyyətinin üzvləri Yunanıstanı vahid Avropa valyutası zonasından xaric etmək üçün gizli plan hazırlayırlar. Bu barədə məlumatı Britaniyanın “The Times” qəzeti Finlandiyanın Maliyyə Nazirliyi tərəfindən hazırlanan sənədə əsasən dərc edib.
AZƏRTAC
RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, nəşrin yazdığına görə, sənəddə bu ilin yazında qəbul ediləcək “çox qəliz siyasi qərardan” söhbət gedir, həmçinin Brüsselin yaxın üç həftə ərzində Afinaya kömək üçün növbəti tranşa razı olmayacağı təqdirdə Yunanıstanın iflası barədə proqnoz yer alır.
“Avrozonanın digər ölkələrinin sükuti razılığı əsasında Yunanıstanın vahid Avropa valyutası zonasından kənarlaşdırılması ilə nəticələnəcək proses başlayıb”, - deyə sənəddə bidirilir.
Qeyd edək ki, Yunanıstan Beynəlxalq Valyuta Fonduna artıq 450 milyon avro məbləğində borc ödəyib. Lakin növbədə başqa, daha böyük məbləğli borclar dayanır. Afina avrozonadan 7,2 milyard avro məbləğində yeni vəsait almaq üçün mayın 12-ə qədər 763 milyon avroluq daha bir borc ödəməlidir. Bundan başqa o, avropali kreditorlara yeni islahatlar paketi də təqdim etməlidir. Əks-təqdirdə Yunanıstan borc öhdəlikləri üzrə hesablaşa bilməyəcək.