Təhsil naziri: "Son illər hərbi hazırlıq fənninin hazırlığına xüsusi diqqət yetirilir"
O qeyd edib ki, Azərbaycanın bütün ümumtəhsil tam orta məktəblərində və peşə təhsili məktəblərində hərbi hazırlıq fənni tədris olunur və son illərdə bu fənnin hazırlığına xüsusi diqqət yetirilir: "Bunun bir çox səbəbləri var. Təbii olaraq birinci səbəb ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir. Hər zaman bizim ümumtəhsil sistemində tətbiq etdiyimiz hərbi hazırlıqda vətəndaş ruhunun formalaşması nəinki zəruri, ən mühüm məsələlərdən biridir. Nə qədər məktəb tədris prosesində uşaqlara ilkin bilikləri aşılayacaq, o qədər də onların şərəfli və müqəddəs öhdəliyi, yəni orduda xidməti keyfiyyətli olacaq".
Təhsil naziri onu da əlavə edib ki,
Müdafiə Nazirliyinin dəstəyi ilə medianın, geniş ictimaiyyətin iştirakı ilə cəbhəyanı bölgələrdə yerləşən məktəblərə xüsusi turlar təşkil olunur: "Məqsəd ilk növbədə orada təhsil alan şagirdlərin və təhsil verən müəllimlərin, orada yaşayan vətəndaşların gündəlik həyat şəraiti ilə tanış olmaqdır. Müşahidələr onu göstərir ki, uşaqların təhsil nailiyyətləri, vətəndaşlarda Vətənə olan münasibəti və təhsilə olan meyli düşmən tərəfindən olan bütün səylərə baxmayaraq, çox yüksək səviyyədədir və gələcəkdə də davam etdiriləcək".