Tatarıstan neft-qaz sənayesinin inkişafı üçün SOCAR-la əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır
Bakı, 13 aprel,
AZƏRTACTatarıstanın iqtisadiyyatında mühüm yer tutan neft-qaz sənayesi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müxtəlif idarə və müəssisələri ilə tarixən mövcud olmuş dərin əməkdaşlıq əlaqələrinin bərpa edilməsində və genişləndirilməsində maraqlıdır.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, bu fikirlər aprelin 13-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.
Görüşdə R.Abdullayev Azərbaycanla Tatarıstanın bir-birinə dərin tarixi köklərlə bağlı olduğunu söyləyib, hər iki respublikada neft-qaz sənayesinin yüksək inkişaf etdiyini vurğulayıb. SOCAR-ın prezidenti qonaqlara əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələri barədə ətraflı məlumat verib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı mühüm roldan danışıb. 2013-cü ilin sonlarında Ravil Zaripovun Bakıya səfərini xatırladan R.Abdullayev həmin görüşdən sonra SOCAR-la Tatarıstanın neft sektoruna daxil olan iri müəssisə və şirkətlər arasında əməkdaşlığın daha da zənginləşdiyini qeyd edib.
Tatarıstanın sənaye və ticarət naziri Ravil Zaripov Tatarıstanın neft-qaz sənayesinin yaradılmasında və sonrakı inkişafında Azərbaycan mütəxəssislərinin rolunu yüksək qiymətləndirib.
Görüşdə “Tatneftkimyainvestisiya” Holdinqinin, Buqulma elektrik nasosları zavodunun, neft-qaz maşınqayırma sektorunda lider olan QMS qrupunun nümyəndələri Tatarıstanın neft hasilatı, emal və neft-kimya sənayesinin bugünkü vəziyyəti, eləcə də SOCAR-la mümkün əməkdaşlıq perspektivləri haqqında geniş təqdimatlarla çıxış ediblər.
SOCAR-ın prezidenti şirkətin, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi, Sumqayıt Kimya Texnoparkı, “Polimer” zavodunun inşa edilməsi və digər iritutumlu layihələrindən ətraflı bəhs edərək, Azərbaycanda əlverişli investisya mühitinin yaradıldığını vurğulayıb və Tatarıstan şirkətləri ilə səmərəli əməkdaşlıq üçün hər cür şəraitin olduğunu bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.