SOCAR-ın Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Tbilisi, 17 aprel,
AZƏRTACAprelin 17-də Tbilisidə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin yeni yanacaqdoldurma (maye qazdoldurma) məntəqəsi istifadəyə verilib.
Məntəqənin açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstanın rəsmi dairələrinin nümayəndələri və Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn iştirak ediblər.
Mərasimdə bildirilib ki, bu gün SOCAR-ın Gürcüstanda ümumilikdə 113 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və onların 26-sı maye qaz yanacaqdoldurma məntəqəsidir. Yeni istifadəyə verilən məntəqə yüksək texniki göstəricilərə malik iki qaz kompressor qurğusu ilə təmin olunub. Bu da məntəqənin fasiləsiz işləməsini təmin edəcək.
Məntəqədə avtomobillərinə maye qaz dolduran “UNİKARD” və “Enerji kard” sahibləri bonuslar əldə edəcəklər.
Diqqətə çatdırılıb ki, SOCAR gələcəkdə də Gürcüstanda fəaliyyətini genişləndirəcək.
Açılış mərasimindən sonra R.Abdullayev jurnalistlərə açıqlama verib.
O deyib: “Gürcüstan hökuməti daha çox Azərbaycan şirkətlərini bu ölkənin iqtisadiyyatına sərmayə qoymağa çağırıb. Tbilisiyə səfərimizin məqsədi həm bu məsələni müzakirə etmək, həm də “SOCAR Türkiyə”nin Gürcüstan nümayəndəliyinin illik hesabat yığıncağında iştirak etməkdir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdə biz Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə yatırmaları ilə bağlı məsələni müzakirə etdik və müvafiq qərarlar qəbul olundu”.
R.Abdullayev bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda soyuducu anbar tikilib. Yeni anbarın istifadəyə verilməsi Borçalı bölgəsində yaşayan azərbaycanlıların kənd təsərrüfatı məhsullarını saxlamaları üçün geniş imkanlar yaradacaq. Bu anbar həm də bölgədə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Xətayi Əzizov
AZƏTAC-ın xüsusi müxbiri
Tbilisi