İqtisadiyyat

SOCAR-ın ekoloji fəaliyyəti beynəlxalq tədbirdə yüksək qiymətləndirilib

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Dünya Bankının Vaşinqtondakı baş mənzil-qərargahında 2015-ci il yaz forumu çərçivəsində “2030-cu ilə qədər Şamda Yandırılan Qazın Sıfra Endirilməsi” adlı tədbir keçirilib. Tədbirdə dünya enerji sisteminin bir hissəsi kimi Azərbaycanın çox vacib ölkə olduğu və “Şamda Yandırılan Qazın Azaldılması” təşəbbüsünə ilk səs verən ölkələr sırasında Azərbaycanın də yer aldığı xüsusi vurğulanıb.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən

AZƏRTAC

-a verilən məlumata görə, tədbirdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Azərbaycanda ekologiya və iqlim dəyişmələrinə təsirin azaldılması sahəsində görülən işlər haqqında məlumat verib. O bildirib ki, Azərbaycan bu beynəlxalq layihəni dəstəkləyir və SOCAR tərəfindən şamda yandırılan qazın həcminin azaldılması məqsədi ilə istehsalatda davamlı tədbirlər həyata keçirilib, mühüm uğurlar əldə edilib. Bu sahədə gələcəkdə daha böyük nəticələr əldə etmək üçün SOCAR səylərini daha da artırır. R.Hüseynzadə SOCAR-ın son illərdə həyata keçirdiyi iri ekoloji layihələr haqqında da tədbir iştirakçılarına məlumat verib.


BMT-nın baş katibinin müavini Kande Yumkella öz çıxışında bildirib ki, dünya enerji sisteminin bir hissəsi kimi Azərbaycan çox vacib ölkədir. Azərbaycan dövləti BMT-nin “Hamıya dayanıqlı enerji” təşəbbüsünə böyük dəstək verir. Dünya Bankının Enerji üzrə direktoru Anita Maranqoli Corc “Şamda Yandırılan Qazın Azaldılması” təşəbbüsünə ilk səs verən ölkələr sırasında Azərbaycanın olduğunu xüsusi vurğulayıb.


BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, qlobal iqlim dəyişməsində müsbət nəticələr əldə etmək üçün dünyanın aparıcı neft istehsalçıları təbiətin keşiyində dayanmalı və israfçılığa yol vermədən ehtiyacı olan ölkələrə yardım etməlidirlər. Dünya Bankı Qrupunun Prezidenti Jim Yong Kim “Şamda Yandırılan Qazın Azaldılması” təşəbbüsünün mahiyyəti, bunun qlobal iqlim dəyişmələrinə müsbət təsiri haqqında geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, hər il dünyada müxtəlif mənbələrdən 140 milyard kubmetr təbii qaz yandırılır. Bunun nəticəsində atmosferə 300 milyon ton CO2 atılır. Bu enerji ilə bütün Afrikanı işıqla təmin etmək olar.


Digər çıxış edənlər “Şamda Yandırılan Qazın Azaldılması” təşəbbüsünün əhəmiyyəti, həmçinin yeni kəşf olunan yataqlarda xüsusi texnologiyaların istifadəsinin vacibliyini vurğulayıblar.


Tədbirdə “Total”, “Statoil”, “Shell” və digər qurumların rəhbərləri, bir sıra ölkələrin yüksək dövlət rəsmiləri iştirak ediblər.