SOCAR-AQŞ “Günəşli” yatağında növbəti quyuda qazma işlərinə başlayır
Bakı, 3 aprel,
AZƏRTACSOCAR-AQŞ “Günəşli” yatağındakı 11 nömrəli stasionar dəniz özülündən 344 nömrəli quyuda qazma işlərinə başlayır.
SOCAR-AQŞ MMC-dən
AZƏRTAC-a verilən məlumata görə, fasilə lay dəstəsinə (FLD) qazılacaq quyunun layihə dərinliyi 3 min 150 metrdir. “Azneft” İstehsalat Birliyinin sifarişi ilə layihələndirilən quyunun plana görə gündəlik hasilatının 60 ton neft həcmində olacağı gözlənilir.
Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli” yatağındakı 11 nömrəli və “Ümid” yatağındakı 1 nömrəli dərin dəniz stasionar özüllərində (DDSÖ) qazma işləri aparır. Müəssisə, eyni zamanda “Qərbi Abşeron”, “Bulla” və “Günəşli 7” yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.