Sinqapurun iş adamları Azərbaycan iqtisadiyyatına maraq göstərirlər
Bakı, 17 aprel,
AZƏRTACSinqapurun iş adamları sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına maraq göstərirlər.
Bu fikir Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Sinqapur biznes forumunda səsləndirilib.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə hər iki tərəfdən İKT, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metallurgiya, elektroenergetika, beton hazırlama avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
Biznes forumda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. Rüfət Məmmədov sinqapurlu iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Sinqapur nümayəndə heyətinin rəhbəri, “Kenetics Innovations” şirkətinin icraçı direktoru Ken Vong iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb.
AZPROMO-nun nümayəndəsi Natiq Mədətovun Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair, Sinqapur Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi Aries Teonun ölkəsinin iqtisadiyyatı və biznes mühitinə dair təqdimatları maraqla qarşılanıb.
Sonra “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası baş direktorunun müavini Samir Qasımov şirkətin fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.