Dünya

Serjin görünən quyruğu

Metbuat.az

Ermənistanda fəaliyyət göstərən "Qazprom Armeniya" şirkətinin xərcləri həddindən çox şişirdilib.



ANS PRESS-in məlumatına görə, bunu İrəvanda parlamentin Qaz təchizatı məsələləri üzrə komissiyanın sədr müavini Mikayel Melkumyan bildirib.



O bu gün jurnalistlərə deyib ki, şirkətin əmək haqqı, maaş fondu saxta şəkildə xeyli böyüdülüb. Xərclərin artımı 10 milyard dram olub. Bunun 8 milyardı maaşlara, xidmət səviyyəsinin yaxşılaşmasına xərclənib. Amma, çox təəssüf ki, heç bir nəticə yoxdur, xidmət səviyyəsi daha da pisləşib, həmçinin idxalın həcmi artmayıb, əksinə, azalıb.



Onun sözlərinə görə, itkilər təqribən 5,37% təşkil etməli idi, ancaq, bu, daha yüksək qeydə alınıb. Komissiya tərəfindən bu məsələ ilə bağlı müzakirələrin təşkili üçün hökumətə müraciət olunacaq.



M.Melkumyan deyib ki, ciddi korrupsiya halları qeydə alınmasaydı təbii qazın tarifini 7-8% azaltmaq mümkün idi.



Yerli ekspertlər bunu ölkə hakimiyyətinin növbəti fırıldağının üstünü açan tutarlı fakt adlandırıblar: "Çünki respublika daxilindəki korrupsiya, rüşvətxorluq halları hakimiyyətdə təmsil olunan rəhbər vəzifəli şəxslərlə birbaşa bağlıdır. Məhz "Qazprom Armeniya" da hakimiyyətin himayəsində fəaliyyət göstərən şirkətdir".

Mənbə
ANS PRESS