Şəmkirdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Şəmkir, 20 aprel,
AZƏRTACYeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının qadınlar şurasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə görkəmli oftalmoloq-alimin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilatın qadınlar şurasının sədri Nüşabə Seyidova, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva və başqaları çıxış edərək Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb, onun bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
Mərasimdə o da vurğulanıb ki, görkəmli alim Zərifə Əliyevanın fəaliyyəti, gördüyü işlər insan amilinə xidmət edirdi. O, peşəkar həkim olmaqla yanaşı, çox xeyirxah insan, əsl Azərbaycan vətəndaşı, kamillik və müdriklik məktəbi idi.