Səbail rayonunda möhtəşəm istirahət və alış–veriş mərkəzi inşa olunur
Bakı, 16 aprel, Ramiz Quliyev,
AZƏRTACPaytaxtın Səbail rayonu ərazisində, Bakı İdman Sarayı yaxınlığında, (keçmiş Əl Oyunları sarayı) istirahət-əyləncə-alış-veriş mərkəzi inşa olunur.
Bu barədə
AZƏRTAC-a rayon icra hakimiyyətindən bildirilib.
“Xəzər Vaterfront” adlandırılan və möhtəşəmliyi ilə seçilən mərkəz 3,5 hektar ərazidə yerləşir.
Tikili həndəsi formalı olmaqla, Azərbaycanın milli emblemi olan səkkizguşəli ulduz içində alovu xatırladır.
Layihəyə əsasən 9 mərtəbəli binanın ümumi sahəsi 120 min kvadratmetr təşkil edəcək. Burada ikimərtəbəli zirzəmi avtodayanacaq kimi nəzərdə tutulub. Digər mərtəbələrdə isə əyləncə obyektləri, kafe və restoranlar, marketlər fəaliyyət göstərəcək.
Hazırda ərazidə tikinti-quraşdırma işləri aparılır. Layihə üzrə işlərin gələn il tamamlanması
planlaşdırılır.