Samir Şərifov: "AİB-lə energetika sahəsinə əlavə vəsaitlərin ayrılması üçün danışıqlar gedir"
Bakı. 20 aprel. REPORT.AZ/ Asiya İnkişaf Bankı ilə energetika sahəsinə əlavə vəsaitlərin ayrılması üçün danışıqlar gedir. Əsasən Azərbaycanda paylayıcı şəbəkələrin yenidən qurulmasında əlavə vəsaitə ehtiyac var. "Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri
Samir Şərifov məlumat verib. O bildirib ki, hökumət elektrik enerjisinin paylanmasını daha səmərəli etmək istəyir.
"Biz əsasən infrastruktur layihələrinin keçirilməsində AİB-dən vəsait cəlbində maraqlıyıq. Söhbət enerji, su təchizatı, irriqasiya, yol tikintisi kimi layihələrdən gedir. Bu sahədə görüləcək işlər var. AİB-lə energeika sahəsinə əlavə vəsaitlərin ayrılması üçün danışıqlar gedir. Ölkədə enerji paylayıcı şəbəkələrinin texniki standartları o qədər də yüksək deyil. Ona görə də istehsal etdiyimiz elektrik enerjisinin müəyyən hissəsini itiriririk. Şübhəsiz ki, diqqət artırılmalıdır, bu istiqamətdə işlər aparılır".
Onun sözlərinə görə, AİB ölkədə özəl sektorda maliyyə sektoruna kreditlər açır. Bu istiqamətdə əməkdaşlıq davam etdirilə bilər.