Sabunçu Rayon İcra Hakimiyyətində İkinci Dünya müharibəsi veteranları ilə görüş keçirilib
Bakı, 14 aprel,
AZƏRTACFaşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirib ki, İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərən igid Vətən övladlarının xatirəsi daim əziz tutulur. Qeyd olunub ki, Qələbənin 70 illik yubileyi münasibətilə Moskvada keçiriləcək tədbirlərdə Sabunçu rayonunda yaşayan müharibə veteranı Sofiya Cəfərova da iştirak edəcək. Bakıda ziyalı ailəsində doğulan S.Cəfərova 1942-ci ildə hərbi xidmətə çağırılaraq ön cəbhədə vuruşub, Belarusun azad edilməsində böyük xidmətlər göstərib. Faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibətilə dövlətimizin başçısı tərəfindən Sofiya Cəfərovaya mənzil verildiyi də mərasimdə xüsusi vurğulanıb.
Digər çıxış edənlər Sofiya xanımın və rayonun digər veteranlarının tədbirlərdə fəal iştirak etmələrini və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində səmərəli fəaliyyətini yüksək qiymətləndiriblər.
Yubiley mərasimində Sofiya Cəfərovaya hədiyyələr təqdim olunub.
Müharibə veteranı göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.