Dünya

Rusiyada Qələbənin 70 illik yubileyi münasibətilə amnistiya aktı gözlənilir

Metbuat.az

Moskva, 20 aprel,

AZƏRTAC

 


Rusiya Prezidenti Vladimir Putin ölkə parlamentinə Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyi ilə əlaqədar Rusiya vətəndaşları üçün amnistiya layihəsini Dövlət Dumasına təqdim edib. Sənədə əsasən, şərti cəza çəkən 200 minə yaxın şəxs, həmçinin azadlıqdan məhrum edilmiş təxminən 60 min məhbus amnistiya ilə azadlığa buraxıla bilər. Bu, Rusiyada cəza çəkən hər 10 vətəndaşdan biri deməkdir. Yaxın günlərdə Dövlət Dumasının layihəni birinci oxunuşda müzakirə edəcəyi gözlənilir. Dövlət Duması mülki, cinayət, arbitraj və prosessual qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov bildirib ki, icraatda olan və amnistiya ilə xitam veriləcək cinayət işləri barədə parlamentdə hələlik məlumat yoxdur və deməli, amnistiyaya düşənlərin sayı 300-350 min nəfərə çata bilər.


Budəfəki amnistiya aktı ilk dəfə qəsdən az ağır və yüngül cinayət törətmiş məhbuslara, eləcə də Əfqanıstan müharibəsində, Şimali Qafqazda antiterror əməliyyatlarında, Çernobıl qəzasının nətiçələrinin aradan qaldırılmasında iştirak etmiş hərbçilərə və mülki şəxslərə şamil ediləcək. Bundan əlavə, sosial cəhətdən az müdafiə olunan insanlar – himayəsində azyaşlı və ya əlil uşaqları olan qadınlar və kişilər, hamilə qadınlar, yeniyetmələr, III və IV dərəcəli vərəm və xərçəng xəstəliyindən əziyyət çəkən yaşı 55-dən artıq olan kişilər və 50-dən artıq olan qadınlar və digərləri də amnistiya aktına ümid bəsləyə bilərlər. Ehtiyatsızlıqdan cinayət törətmiş və 5 ilə qədər müddətə azadlıqdan məhrum olunmuş, ilk dəfə cinayət törətmiş və 5 ilədək müddətə cəza almış yeniyetmələr layihəyə daxil ediliblər. Layihəyə şərti cəzaya məhkum edilmiş, cəzasının qalan hissəsi yüngülləşdirilmiş daha 200 min şəxs də daxildir.


Miqrantlar üçün amnistiya elan ediləcəkmi? Rusiya Federal Miqrasiya Xidmətinin (FNX) rəhbəri Konstantin Romadanovski hazırda miqrantlar üçün amnistiyanın tətbiqini məqsədəuyğun hesab etmir. Bu məsələ ilə bağlı jurnalistlərə açıqlamasında FMX-nin rəhbəri deyib ki, hazırda belə bir amnistiya aktının elan olunması məqsədəuyğun deyil. Bunun üçün ilk növbədə, miqrasiya mərkəzlərinin işini qaydaya salmaq lazımdır. Miqrantlar üçün amnistiya aktının bu ilin yayında və ya payızında müzakirəyə çıxarılacağı ehtimal olunur.


K.Romodanovskinin sözlərinə görə, hazırda miqrasiya qanunvericiliyini pozduqlarına görə 1,3 milyon əcnəbiyə RF ərazisinə gəlmək qadağan olunub. Onların 8 mini Rusiyaya 10 il ərzində gələ bilməz.


Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurası da Qələbənin 70 illiyi münasibətilə öz amnistiya layihəsini təklif edib. Layihədə yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cəzaların ləğv olunması nəzərdə tutulur.


RF-də amnistiya elan olunması və icrası haqqında qərarı Dövlət Duması qəbul edir. Layihə Dövlət Dumasında bütün digər qanunlar kimi müzakirə olunur və səs çoxluğu ilə qəbul edilir. Dövlət Dumasının sədri tərəfindən imzalandıqdan və dərc edildikdən sonra qüvvəyə minir.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva