Rusiyada gənclər orduya çağırılır
Rusiya Federasiyasının Baş Qərargahı hərbi çağırışçılarla bağlı açıqlama verib. Bildirilib ki, indiki çağırış kampaniyasının gedişatında gənclərə iki xidmət növündən birini seçmək şəraiti yaradılıb.
ANS PRESS-in məlumatına görə, Baş Qərargahın Təşkilat Səfərbərlik İdarəsi rəisinin birinci müavini general-mayor Yevgeni Burdinskiy deyib ki, bunlardan biri çağırış üzrə 2 illik xidmət, digəri isə müqavilə yolu ilə xidmətdir: "Gənclərin seçmə hüququ var. O, arzusunu əvvəlcədən çağırış komissiyasına bildirir. Keçən ilin yazında mindən çox insan müqavilə yolu ilə hərbi xidmət keçməyə qərar verib".
General vurğulayıb ki, müqavilə yoli ilə xidmət keçmək üçün dərəcəsindən və müddətindən asılı olaraq 35 mindən 80 minə rubladək vəsait ödənməlidir.
O, çağırışdan yayınma hallarından da danışıb: "Hərbi xidmətdən yayınan insanların sayı təqribən 6 min nəfər təşkil edir. Belə vətəndaşların sayı azalır, amma hələ əhəmiyyətli dərəcədə qalır. Xidmətdən yayınmış insanlar gələcəkdə dövlət qulluğuna qəbul vaxtı məhdudiyyətlərlə rastlaşacaqlar. Bundan başqa, hərbi borcdan boyun qaçırma üçün cinayət məsuliyyətinin ölçüləri gücləndirilir. Məsuliyyətin artırılması ilə bağlı qanun layihəsi Dövlət Dumasında birinci oxunuşda qəbul edilib."
Y.Burdinskiy vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrində müqavilə ilə hərbi xidmət keçənlərin sayının artımına baxmayaraq, Müdafiə Nazirliyi çağırışdan tamamilə imtina etməyi planlaşdırmır. Sadəcə, Müdafiə Nazirliyi müqavilə yolu ilə hərbi xidmət payını illik artırmağı düşünür. Bu ilin sonunadək fərq ikinin birə nisbətində olması nəzərdə tutulur.
MənbəANS PRESS