Ölkə

Rezidentlərin bilik və bacarıqlarını dərinləşdirmək məqsədilə kurslar keçirilir

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında rezidentlərin bilik və bacarıqlarını dərinləşdirmək məqsədilə “Laparoskopik cərrahi bacarıqlar” kursuna start verilib.


AZƏRTAC

xəbər verir ki, kursların məqsədi gənc cərrahlara, rezidentlərə təməl cərrahi bacarıqları öyrətmək və o təməllərini onlara başa salmaqdan ibarətdir.


ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov bildirib ki, kurslarda təməl laparoskopik bacarıqların öyrədilməsi prosesinə başlanılıb. İki gün davam edəcək kursların iştirakçıları həm elektron simulyatorda dərc keçəcək, həm də canlı əməliyyatlara qatılacaqlar.


N.Bayramov qeyd edib ki, kurslarda ATU-nun 10 rezidenti iştirak edir. Kursun sonunda onlar Tədris Cərrahiyyə Klinikası tərəfindən sertifikatla mükafatlandırılacaq. Bu sertifikat rezidentlərə əməliyyatlarda iştirak etmək hüququ verir.


Kafedra müdirinin sözlərinə görə, kursun təşkilində həm ATU rəhbərliyi, həm də Cərrahiyyə Klinikasının böyük rolu olub. Kurslara rəhbərlik işinə, Cərrahiyyə Klinikasının əməkdaşları ilə yanaşı, Almaniyanın Münster Universitetinin Euregi Klinikasının baş həkimi Nevzat Doğan da qatılıb. ATU tərəfdən I cərrahi xəstəliklər kafedrasının əməkdaşları, treninq mərkəzinin rəhbəri Qorxmaz Əhmədov kursların keçirilməsində iştirak edib. Gələcəkdə laparoskopik bacarıqlar kursları davam etdiriləcək və bu təlimlər ATU-nun çoxsaylı rezidentlərini əhatə edəcək.