Ölkə

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Aprelin 20-də respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, Milli Məclisin deputatları, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, qabaqcıl müəllimlər, valideyn və şagirdlər, media nümayəndələri iştirak ediblər.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə M.Cabbarov Azərbaycan təhsilinin hərtərəfli inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu söyləyərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Nazir, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi davamlı layihələrin müstəsna əhəmiyyət daşıdığını nəzərə çatdırıb.


M.Cabbarov qeyd edib ki, fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən 450 şagird iştirak edib. Bu il fənn olimpiadalarının keçirilməsi bir sıra yeniliklərlə müşayiət olunub. İlk dəfə olaraq üç mərhələdə keçirilmiş fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsində səkkiz fənn üzrə 22.000 şagird iştirak edib. 3.700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvandakı 11 mərkəzdə təşkil olunub. Final mərhələsində iştirak edən şagirdlərdən 240-nın mükafatçılar sırasına daxil olduğunu nəzərə çatdıran nazir qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin seçiləcəyinə vurğulayıb.


Təhsil naziri bildirib ki, bu il ölkədə fənn olimpiadalarının keçirilməsi qaydalarına əsaslı dəyişikliklər edilib. İnanırıq ki, iştirakçılar arasında sabahın dünya və beynəlxalq olimpiadasının qaliblərini görəcəyik.


Nazir qeyd edib ki, builki olimpiadanın beynəlxalq analoji olimpiadanın qaydalarına uyğun keçirilməsi müəyyən təcrübə qazanmaq məqsədi daşıyırdı. Onun fikrincə, Azərbaycanın təhsil sahəsində uğurları ilə fəxr etməyə bir çox səbəbləri var. Belə ki, 2013-2014-cü tədris ilində beynəlxalq və dünya olimpiadalarında 18 qızıl medal qazanılıb. İnanırıq ki, builki uşaqların nəticələri daha da yüksək olacaq. Olimpiadaya olan münasibətin ən yaxşı göstərici ora qatılan şagirdlərin sayıdır. Bu il olimpiadaya 22 min şagird qatılıb. Bu da ötən illə müqayisədə dörd dəfə çoxdur. Builki qaliblər ölkənin 23 bölgəsindən gəlib və bu da müxtəlif bölgələrdə istedadlı gənclərin yetişməsi üçün lazımlı şəraitin olduğunu göstərir. Qızıl medal qazanan şagirdlər respublikanın 14 bölgəsini təmsil edib ki, bu da yüksək göstəricidir.


M.Cabbarov bu il Azərbaycan üçün böyük yarışlar və olimpiadalar ili olduğunu vurğulayaraq deyib ki, ən böyük yarış Avropa Oyunlarıdır və iyunda bu yarışın ölkəmizdə keçirilməsi ilə dövlətimiz adını idman tarixinə yazır. Bundan əlavə, ölkəmizdə beynəlxalq kimya olimpiadası keçiriləcək. Bu tədbirin yüksək səviyyədə təşkili üçün bütün lazımi işlər görülür.


Təhsil naziri orta məktəb şagirdlərinin olimpiadalara xüsusi hazırlıq mərhələsindən keçməsinin vacibliyini nəzərə çatdırıb və belə möhtəşəm bilik yarışının təşkilində zəhməti olanlara təşəkkürünü bildirib.


Tədbirdə çıxış edənlər belə bilik yarışlarının təhsilin inkişafına müsbət təsir göstərdiyini vurğulayıblar.


Olimpiadaların sonuncu günündə qaliblərə medallar və Təhsil Nazirliyinin qiymətli hədiyyələri təqdim edilib.


Xatırladaq ki, fənn olimpiadalarının keçirildiyi gün nəticələr elan olunub və nazirliyin rəsmi internet saytında (www.edu.gov.az) və “Facebook” səhifəsində (

https://www.facebook.com/tehsil.gov.az

) yerləşdirilib.