Dünya

Qırmızı planetdə su tərkibli buz aşkar edilib

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Kopenhagen Universitetinin alimləri uzaq Qırmızı planetin orta en dairələrində buzlaqlar aşkar ediblər.


Dəqiq radiolokasiya məlumatları göstərir ki, toz təbəqəsi altında donmuş sudan ibarət buzlaqlar gizlənir. Hazırda buzlaqların ölçüsü və onların tərkibindəki suyun miqdarı hesablanır. Qeyd edək ki, Qırmızı planetdə buzun miqdarı 150 milyard kubmetrdən çoxdur. Tədqiqatçılar bilavasitə Marsın orbitində yerləşən peyklərdən alınan şəkillərdə buzlaqların ümumi təsvirini görüblər. Kosmos sahəsində mütəxəssislərin Mars buzlaqlarının tərkibi ilə bağlı fikirləri haçalanıb.


Ehtimala görə, Marsdakı buz qayaları sudan, karbon-iki-oksiddən, yaxud palçıqdan ibarətdir. Alimlər NASA peykindən “Mars Reconnaissance Orbiter” tipli radiolokasiya ölçülərini tətbiq edərək aydınlaşdırıblar ki, bunlar su tərkibli buz qayalarıdır. Danimarka alimləri daha sonra kompüter modelləşdirmənin köməyi ilə buzun sıxlığını hesablayıb, onun Yerdəki buzlaqlar ilə müqayisə ediblər. Bu, buzun qalınlığını, habelə onun davranışını təhlil etməyə imkan verib. Məlum olub ki, Marsın bütün səthi həmin buz qatı ilə örtülə bilərdi. Bu zaman buz qatının alınlığı 1,1 metrdən çox olardı.


Marsda atmosfer təzyiqinin yetərincə aşağı olması səbəbindən mövcud buz bütünlüklə buxarlanaraq, kosmosa yayılmalıdır, lakin onu yetərincə qalın toz qatı müdafiə edir.