İqtisadiyyat

Prezident İlham Əliyev: Azərbaycanda, deyə bilərəm ki, hazırda çox böyük sahibkarlıq sinfi yaradılmışdır

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

Azərbaycanda, deyə bilərəm ki, hazırda çox böyük sahibkarlıq sinfi yaradılmışdır.


Ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaq.


AZƏRTAC

xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində söyləyib.


“Əlbəttə, dövlət inhisarında olan strateji sahələr dövlətin əlində qalmalıdır. Bu, strateji nəqliyyat infrastrukturu, neft-qaz sektoru, strateji enerji infrastrukturudur. Çünki bu sahələr dövlət tərəfindən idarə edilməlidir ki, işlər məqsədyönlü şəkildə aparılsın. Əlbəttə ki, əsas infrastruktur qurumları dövlət monopoliyasında olanda tariflərə də dövlət nəzarət edir və imkan vermir ki, tariflər artsın yaxud da insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin.


Digər sahələr isə artıq sahibkarlıq hesabına formalaşır. Ümumi daxili məhsulumuzun haradasa 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Keçən il “Sənaye ili” elan edilmişdir və qeyd etdiyim kimi, bu sahəyə böyük diqqət göstərilir. Biz özümüzü bütün tikinti materialları ilə tam şəkildə təmin etməliyik. Artıq biz buna yaxınlaşırıq. Bu rəqəmləri mən artıq müşavirələrdə səsləndirmişdim. İndi biz bir çox pozisiyalar üzrə tikinti materiallarımızı özümüz istehsal edirik və eyni zamanda, ixrac edirik. İxrac üçün də bizə yeni bazarlar lazımdır”, – deyə İlham Əliyev vurğulayıb.