Paytaxta yüksəksürətli, genişzolaqlı internet xidmətlərini təmin edən optik şəbəkənin qurulması davam edir
Bakı, 10 aprel,
AZƏRTACRabitə və Yüksək Texnologiyalar Naziliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) əhalinin genişzolaqlı xidmətlərə artan tələbatını ödəmək üçün əlavə avadanlıq quraşdırıb. Birliyin şəbəkəsində son mildə (abunəçi xətt şəbəkəsində) “FTTx” sistemi ilə optik şəbəkə avadanlığı geniş tətbiq edilir.
Nazirlikdən
AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Binəqədi, Nəsimi, Yasamal, Nizami və Sabunçu rayonları üzrə “FTTx” standartı ilə “Məhəlləyə kimi” genişzolaqlı xidmətləri göstərən optik şəbəkə quraşdırılıb. Bu ərazilərdə qurulan şəbəkə sistemi əhalinin müraciətlərinin dərhal həll olunmasına və onlara genişzolaqlı xidmətlər göstərilməsinə imkan yaradır. “FTTx” modeli üzrə paytaxtın bütün yaşayış məntəqələrinə yüksəksürətli və genişzolaqlı internet xidmətlərini təmin edən optik şəbəkənin qurulması davam etdirilir.
Qeyd edək ki, FTTx optik rabitə xəttindən istifadə etməklə yüksəksürətli internetə yüz min istifadəçi cəlb etmək olar. Bu texnologiya həcm bolluğu vəd edir və məlumatların ötürülməsinin sürəti onlarla meqabitlə hesablanır. FTTx texnologiyasında bir portun minimal həcmi 10 meqabit təşkil edir.