Nəqliyyat naziri: Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək tuneldə qazma işləri bu ayın sonunda tamamlanacaq
Bakı, 11 aprel,
AZƏRTAC2015-ci ilin birinci rübündə dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramının icrası üzrə Bakı–Gürcüstan sərhədi istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji sisteminin dəyişən cərəyana keçidi, rabitə qurğularının yeniləşdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri davam etdirilib. Hesabat dövründə 29 kilometr, ümumilikdə Proqram üzrə 390 kilometr yeni yol salınıb.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri nəqliyyat naziri Ziya Məmmədov Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
“Bakı-Tbilisi-Qars layihəsi üzrə Axalkələk-Türkiyə sərhədi sahəsində 29 kilometr yeni yolun tikintisi və 154 kilometr yolun rekonstruksiya işləri başa çatdırılıb, ötən ilin dekabrında sınaq qatarı xəttə buraxılıb. Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək 4,4 kilometrlik tuneldə qazma işləri bu ayın sonunda tamamlanacaq. Layihənin tam başa çatdırılması isə 2015-ci ildə nəzərdə tutulur. Bütövlükdə tikinti sahəsində bu günə qədər tam infrastrukturu ilə birlikdə 183 kilometr yeni yol salınıb, 15 körpü, 23 yol keçidi, 300-dən artıq su ötürücüsü və digər süni qurğular, 5 stansiya inşa edilib”,- deyə nazir diqqətə çatdırıb.