Nar bağlarının sahəsi genişləndirilir
Göyçay, 3 aprel,
AZƏRTACGöyçayda fərdi təsərrüfat sahibləri və fermerlər tərəfindən meyvəçiliyə, xüsusən də narçılığa böyük maraq var.
Rayon icra hakimiyyətindən
AZƏRTAC-a bildiriblər ki, narçılığın əvvəlki şöhrətinin özünə qaytarılması üçün hər il rayonda yeni nar bağları salınır. Bu il nar bağlarının salınması üçün nəzərdə tutulan boş torpaq sahələri qış fəslində şumlanıb, əraziyə üzvi gübrələr verilib. Fevral-aprel aylarında isə ağac əkini aparılır və hazırda bu istiqamətdə işlər davam etdirilir. İlin əvvəlindən bu günədək rayonda 35 hektar sahədə yeni nar bağı salınıb.
Qeyd edək ki, ötən il rayonda 48 min ton nar tədarük edilib. Təkcə son 3 ildə rayonda 800 hektar yeni meyvə bağı salınıb ki, bunun da 430 hektarı nar bağlarının payına düşür. Torpaq sahibləri son 5 ildə nar bağlarının ərazisini genişləndirərək 3650 hektara çatdırıblar. Həmin bağların 2766 hektarı bar verən meyvə bağlarıdır. Hazırda rayonda ümumilikdə 5375 hektar meyvə bağı mövcuddur.