Ölkə

Mərkəzi Elmi Kitabxananın fondu zənginləşir

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) kitab hədiyyə edilməsi artıq ənənə halını alıb. Bu günədək müxtəlif təşkilatlardan, səfirliklərdən, AMEA-nın bir sıra elmi müəssisələrindən və ayrı-ayrı müəlliflərdən kitabxanaya külli miqdarda tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi kitablar hədiyyə edilib.


MEK-dən

AZƏRTAC

-a bildiriblər ki, bu ənənənin davamı olaraq, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov müəllifi olduğu və rəhbərliyi ilə hazırlanmış “Azərbaycan təhsil tarixi” (4 cilddə), “Azərbaycanın təhsil nazirləri!”, “Dünyanın 100 ən yaxşı universiteti” (2009), “Azərbaycanın elmi elitası”, “Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar” (3 cilddə) kitablarını və rus dilində çapdan çıxmış digər əsərlərini kitabxanaya hədiyyə edib.


Kitabxananın direktoru Leyla İmanova müəllifin bu təşəbbüsünü yüksək qiymətləndirib. O, Azərbaycan təhsilinə çox dəyərli töhfə olan bu kitabların “Milli rəqəmsal yaddaş” məlumat bazasının, eləcə də MEK-in kitab fondunun zənginləşdirilməsində xüsusi əhəmiyyətini qeyd edib.