İqtisadiyyat

Mərkəzi Bankın İdarə Heyətinə üzvlük vəzifəsinə irəli sürülən namizədlərin məsələsinə baxılıb

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Milli Məclisin iqtisadi siyasət komitəsinin aprelin 1-də keçirilən iclasının gündəliyinə iki məsələ - Mərkəzi Bankın sədri Elman Rüstəmovun və sədrin müavini Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi məsələsi daxil idi.


Komitə sədri Ziyad Səmədzadə və deputatlar hər iki namizədin bank sistemindəki fəaliyyətini yüksək qiymətləndirərək bildiriblər ki, dövlətin ən vacib iqtisadi sahələrindən biri pul-kredit siyasətidir. Bu siyasətdə bütün qlobal məsələlərə nəzarəti Mərkəzi Bank həyata keçirir. Azərbaycanın qazandığı böyük uğurlarda hər bir ölkə üçün vacib atributlardan sayılan uğurlu pul-kredit siyasətinin müstəsna rolu var. Qlobal maliyyə sistemində daim inkişaf edən Mərkəzi Bank xüsusi rola sahibdir.


Mərkəzi Bankın sədri Elman Rüstəmov dövlət başçısı tərəfindən göstərilən böyük etimada və etibara görə təşəkkürünü bildirib, üzərlərinə böyük məsuliyyət düşdüyünü deyib. Həm Elman Rüstəmovun, həm də Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyinin təsdiqlənməsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


İclasda Elman Rüstəmov deputatların hazırki pul-kredit siyasəti, manatın məzənnəsi ilə bağlı suallarını da cavablandıraraq deyib ki, ölkədə müasir əlamətlərə malik olan bank sektoru yaradılıb və bu sahədə ciddi islahatlar davam edir. Son zamanlar baş verən məlum proseslər əslində manatın devalvasiyası deyil, dünya bazarında neftin qiymətinin aşağı düşməsidir. Dünya bazarında neftin dəyişən qiymətinə uyğun olaraq, doğru qərar verilib. Bu gün manatın məzənnəsi idarə olunan üzən məzənnə prosesinə daxil olub. Manat əsas makroiqtisadi indikatorlara: neftin qiymətinə, avro və dolların nisbətinə, əsas ticarət tərəfdaşlarımızın valyutalarının dinamikasına və Mərkəzi Bankın korreksiyasına bağlanıb. Bizim kifayət qədər valyuta ehtiyatımız var, bu sahədə heç bir problem yoxdur və valyuta satışı da davam edir.


Elman Rüstəmov ötən 20 ildə həyata keçirilən pul-kredit, bank siyasətindən danışaraq bildirib ki, əgər vaxtilə ölkəmiz beynəlxalq təşkilatlardan ağır şərtlərlə 10-20 milyon dollar kredit almağa məcbur idisə, bu gün Azərbaycan özü donor dövlətə çevrilib, ayrı-ayrı ölkələrə sərmayə yatırır. Mərkəzi Bankın sədri banklara da hərtərəfli kömək göstərildiyini və bu sahədəki məsələlərin nəzarətdə saxlandığını, əhaliyə verilən kreditlərin vaxtının uzadılması, yuxarı faiz dərəcələri ilə bağlı əhaliyə güzəştlərin edilməsi barədə təklif və tövsiyələrin verildiyini deyib. Əlavə edib ki, əhali banklardan müqavilədə göstərilən hansı valyuta ilə kredit götürübsə, o valyutada da qaytarmalıdır. Elman Rüstəmov, həmçinin bildirib ki, Mərkəzi Bank ipoteka kreditləri ilə də bağlı təkliflər hazırlayaraq hökumətə təqdim edib.


İclasda “Qiymətli kağızlar bazarı haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, Beynəlxalq dəmir yolu daşımaları haqqında Konvensiyaya qoşulmaq barədə qanun layihələri müzakirə edilib.