Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında qanun layihəsi qəbul edilib
Bakı, 3 aprel, Ə.Məmmədov, A.Quluzadə,
AZƏRTACMilli Məclisin aprelin 3-də keçirilən iclasında Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında qanun layihəsinə baxılıb.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, qanun layihəsinə Mərkəzi Bankın sədri Elman Rüstəmovun və sədrin müavini Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi məsələsi daxildir.
Z.Səmədzadə hər iki namizədin bank sistemindəki fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, dövlətin ən vacib iqtisadi sahələrindən biri pul-kredit siyasətidir. Bu siyasətdə bütün qlobal məsələlərə nəzarəti Mərkəzi Bank həyata keçirir. Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.