Mərkəzi Bankdan dollar müdaxiləsi
Rusiya Mərkəzi Bankı valyuta bazarına yenidən müdaxilə edib.
ANS PRESS-in məlumatına görə, həddindən artıq bahalaşan rublu aşağı salmaq istəyən Rusiya baş bankı valyuta REPO əməliyyatları faiz dərəcələrini yüksəldib.
Rusiya Mərkəzi Bankı dünən aldığı qərarla, 1 həftə və 28 günlük valyuta repo əməliyyatları faiz nisbətini minimum 2-yə, 12 aylıq əməliyyatlar üçün isə 2,5% yüksəldib.
Bankın qərarından sonra dollar 2,2 rubl birdən bahalaşaraq 53,74 rubla, Avro isə 1,8 rubl artımla 57,4 rubla çatıb. İqtisadi göstəricilərin artımını və yerli iqtisadiyyatın canlanmasını hədəfləyən Rusiya rublun kursunun həddindən artıq bahalaşmasını müsbət qiymətləndirmir.
Rusiya Mərkəzi Bankının 30 apreldə keçirəcəyi iclasda faiz dərəcələrinin aşağı salınması istiqamətində bir qərar veriləcəyi gözlənilir. Belə olacağı təqdirdə rubl bir az da ucuzlaşacaq.
Qeyd edək ki, REPO dedikdə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatı nəzərdə tutulur. Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir.
MənbəANS PRESS