Dünya

Məktəbli arbaletlə müəllimi öldürdü (FOTO)

Metbuat.az

Arbaletlə və bıçaqla silahlanmış Barselona məktəblərindən birinin şagirdi müəllimi öldürüb və daha dörd nəfəri yaralayıb.



ANS PRESS-in məlumatına görə, bu barədə İspaniya KİV-ləri məlumat yayıb.



Hadisə Barselonanın La-Saqrera rayonundakı Coan Fuster adına 12-16 yaşlı şagirdlər üçün məktəbdə baş verib. Polis nə kimi silahdan istifadə olunduğu və hücum edənin məhz bu məktəbin şagirdi olduğunu təsdiqləməyib.



İspaniya Milli Televiziyası və xəbər saytları oğlanın bazar ertəsi səhər məktəbə gələndə arbaletlə və bıçaqla silahlanmış olduğunu bildirirlər. Sinfə girərək o, müəlliməni və onun bu məktəbdə oxuyan qızını yaralayıb. Qışqırıq səsinə sinfə girən başqa bir müəllimin arbaletdən atılan oxla öldürüldüyü xəbər verilir.



Rəsmi orqanlar hadisənin təfərrüatlarını açıqlamasa da El Mundo xəbər verir ki, öldürülən müəllim digər uşaqları hücum edən yeniyetmədən müdafiə etməyə çalışıb. Bəzi məlumatlara görə isə şübhəlinin 13 yaşı var. Onun həbs olunduğu deyilir, lakin hücum etməsinin səbəbləri hələ açıqlanmır. Polis məktəblinin həddi buluğa çatmadığına görə onun adını demir.



Şübhəli bilinən şagirdi tanıyan məktəb müəllimələrindən biri, Paula Amayelas, oğlanın yalqız olduğunu, lakin onun məktəbdə hər hansı bir problemi olmadığını deyib.



“Məktəblilər hərdən ona lağ edirdilər və bəlkə o da bu yolla müdafiə olunmaq istəyib, - deyə Paula Amajelas deyib. – Elə bil başına hava gəlmişdi. Əvvəlki günlər silah haqqında çox danışırdı. Onda öldürmək istədiyi adamların siyahısı var idi. Sonra da o, bunu etdi”.



Xəsarət alam müəllimə və iki yaralı məktəbli xəstəxanaya aparılıblar. Daha bir zərər çəkmiş müəllimə yerində yardım göstərilib. İspaniya müəllimlər İttifaqının məlumatına görə, bu, ölkədə şagird tərəfindən müəllimin ilk qətlə yetirilməsi halıdır. İspan polisləri də məktəb binasında ölümlə nəticələnən bu kimi hücum hallarını xatırlamır.



Hücum edənin 13 yaşlı olduğu təsdiq olunsa, ona ittiham təqdim edilməyəcək. İspaniyada cinayət məsuliyyətinə 14 yaşdan sonra cəlb etmək olar. İspaniya Ədliyyə Nazirliyi əməkdaşının Associated Press agentliyinə verdiyi məlumata görə, bu yaşda yeniyetmə, əgər onun ruhi xəstəlikdən əziyyət çəkdiyi müəyyən edilərsə, yalnız psixiatriya xəstəxanasına məcburi müalicəyə göndərilə bilər.





Mənbə
ANS PRESS