Lerikdə Milli Qəhrəman Valeh Müslümovun xatirəsi ehtiramla anılıb
Lerik, 10 aprel, Bağır Əliyev,
AZƏRTACAprelin 10-da Lerik şəhərindəki 2 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun anım mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın təhsil aldığı məktəbdə yaradılmış xatirə muzeyində onun həyat və döyüş yolunu əks etdirən eksponatlarla tanış olublar.
Anım mərasimi V.Müslümovun məktəbin həyətində ucaldılmış büstü önündə davam etdirilib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın ilk milli qəhrəmanlarından biri olan Valeh Müslümovun ölümündən 23 il ötür. O, 1968-ci il sentyabrın 2-də Lerik şəhərində anadan olub. 1986–1988-ci illərdə ordu sıralarında xidmət edib.1991-ci ilin avqustunda Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində gedən döyüşlərdə fəal iştirak edib.
V.Müslümov 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan ərazisində gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərib. Düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını mühasirədən çıxarıb təhlükəsiz zonaya apararkən aldığı ağır yaradan qəhrəmancasına həlak olub.
Onun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. İlk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də Valeh Müslümov idi.
Əməkdar jurnalist, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov Valeh Müslümovun həyat və döyüş yolundan bəhs edən “Onu Vətən çağırdı” kitabını mərasim iştirakçılarına təqdim edərək bildirib ki, Azərbaycanın milli qəhrəmanlarını hər bir azərbaycanlı tanımalıdır. Vətən torpağı uğrunda şəhid olmuş insanlar heç vaxt unudulmamalıdır.
Anım mərasimində məktəbin şagirdlərinin ifasında Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər ifa olunub.