Dünya

Latviyanın baş naziri Vilnüsdə diqqəti energetika təhlükəsizliyi və “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq məsələlərinə yönəldib

Metbuat.az

Vilnüs, 10 aprel,

AZƏRTAC

Aprelin 10-da Vilnüsdə Estoniyanın və Litvanın baş nazirləri ilə görüşdə Latviya hökumətinin başçısı Laymdota Strauyuma energetika təhlükəsizliyi və“Rail Baltica” dəmiryol xətti lahyihələrinin Baltik regionunun və bütün Avropanın inkişafı üçün əhəmiyyətinə diqqəti cəlb edib. Gündəliyin başlıca məsələləri həmçinin Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq, təhlükəsizlik, energetika və nəqliyyat, habelə Avropa Şurasında Latviyanın prezidentliyi məsələləri olub.


Görüşdən sonra Latviyanın baş naziri Laymdota Strauyuma “Rail Baltica” nəqliyyat layihəsini şərh edərək onun həyata keçirilməsinin bütün Baltik ölkələrinin kooperasiyası üçün nə qədər əhəmiyyətli olduğunu bildirib. Baş nazir deyib: “Bu, bizi Mərkəzi Avropa ilə birləşdirən yol olacaq və bu, energetika təhlükəsizliyi sahəsində müxtəlif layihələr üzərində işin davam etdirilməsi qədər əhəmiyyətlidir”.


Nazirlər Kabinetinin başçısı belə hesab edir ki, Baltik ölkələri müdafiə və xarici sərhədlərin qorunması məsələlərində daha sıx əməkdaşlıq etməlidirlər, o cümlədən birgə satınalmaları həyata keçirməlidirlər.


L.Strauyuma “Şərq Tərəfdaşlığı” sammitindən danışarkən qeyd edib ki, sammitdə bu proqramın iştirakçısı olan konkret hər bir ölkə ilə əməkdaşlıq planları müzakirə ediləcək. Viza rejiminin sadələşdirilməsi və iqtisadi əməkdaşlıq məsələləri də gündəliyin mühüm bəndi olacaq.


Hökumət başçılarının qeyri-formal görüşləri ildə bir dəfə Baltik ölkələrindən birində keçirilir.



Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs