İqtisadiyyat

Kredit kartlarındakı riskli pullar

Metbuat.az
Mütəxəssislər bu kartlardan dəqiq, hesablanmış qaydada istifadəni məsləhət görürlər

Kredit kartlarından ölkəmizdə çox geniş şəkildə istifadə olunmasa da, getdikcə bu sahədə irəliləyiş müşahidə edilir. Ötən ilin sentyabrına qədər olan göstəriciyə görə, Azərbaycanda dövriyyədə olan ümumi ödəniş kartlarının sayı 5 mln. 866 min ədədə çatıb. Bunun da 1 mln. 181 min ədədini kredit kartları təşkil edib. Hesabata əsasən, kredit kartlarının sayı ilin əvvəli ilə müqayisədə 25 faizdən çox artıb. Bu ilin yanvar ayına olan statistikaya görə isə kredit kartlarının sayında 20 min artım müşahidə olunub.



Bu kartlar hər kəsin köməyinə çata bilir. Amma bundan düzgün istifadə etməyib problemlərlə üzləşənlər də çox olur. Belə ki kartı əldə edən vətəndaş artıq qısa zamanda kartdakı məbləği xərcləyib bitirir. Sonra isə öz xərcləri ilə yanaşı, banka aylıq borcunu da ödəməlidir. Bu isə vətəndaşın əlavə yüklənməsi deməkdir. Belə olan halda isə ödəmələrdə müəyyən problemlər yaşanır. Hətta bir çox banklara kredit kartı üçün müraciət etdikdə valideynin icazəsi tələb olunur. Bildirilir ki, gənclər nə qədər müstəqil və fərdi gəlirə sahib olsalar da, sonradan ödəmə ilə bağlı problemlər olduqda valideynlər banklara şikayət edirlər.



DəmirBankın reklam və piar üzrə baş mütəxəssi

Nicat Əhmədov

bildirdi ki, DəmirBank kredit və ya kredit kartının verilməsi mərhələsində öncədən yarana biləcək problemlərin qarşısını almağa çalışır. Belə ki, müştəri müraciəti yoxlanılarkən həmin şəxsin ödəniş qabiliyyəti dəqiqliklə analiz olunur: “Aparılmış analizlər nəticəsində müştəriyə ödəyə biləcəyi səviyyədə kredit xətti açılır. Bu da yarana biləcək problemlərin qarşısını alır. Kredit kartlarının aylıq ödənişləri idarə olunan səviyyədədir. Hər hansı ciddi problemlər olmur. Gəncin əgər gəlir imkanları məhduddursa, ona kredit kartı və ya kredit verərək maddi çətinliklə üzləşməsinə şərait yaratmağı doğru hesab etmirik. Əsasən, 22 yaşından yuxarı və stabil gəlir imkanları olan gənclərə kreditlər verilir”.



N.Əhmədov deyir ki, kredit kartlar daha riskli puldur və ondan dəqiq və hesablanmış qaydada istifadə etmək lazımdır: “Kredit kartlar əsasən alış-veriş məqsədli, müvəqqəti yaranmış maddi ehtiyacları ödəmək üçün nəzərdə tutulur. Kartda olan vəsaitdən istifadə etdikdən sonra ayın sonu əmək haqqında onu geri ödəmək lazımdır ki, növbəti ay yenidən həmin vəsaiti istifadə imkanı olsun”.



YapıKredi Bank Azərbaycan filialının marketinq şöbəsinin birbaşa satış üzrə mütəxəssisi

Ramal Muradov

bildirdi ki, kredit kartı ilə alış-veriş vətəndaşlar üçün sərfəlidir. Vətəndaşlar bu kartlardan gəlirlərinə uyğun yararlansalar problemlərlə üzləşməzlər: “Əgər müştəri 100 manata olan nə isə almağa nəğd olaraq pul verə bilmirsə, kredit kartı ilə bu ödənişi edir. Həmin məbləği isə 12 aya bölüb, az-az ödəyir. Müştəri bankdan kredit götürmək üçün hər hansı sənəd dalınca düşmür, banklarda növbə gözləmir. Onlayn müraciət göndərir və əməkdaşlarımızı həmin şəxsin iş yerinə göndəririk. Sifariş yerində qəbul olunur və kart iş yerinə çatdırılır. Müştəri kartı istifadə etməmişdən öncə bizim qaynar xəttə zəng edib pin-kod əldə edir. Ödənişi isə poçt vasitəsilə, maaş kartları ilə və birbaşa banka ödəyə bilərlər. Biz müştərilərə daha bir imkan da yaradırıq. Borc haqqında mesaj göndərildikdən sonra müştəriyə on iş günü vaxt verilir ki, ödənişini həyata keçirsin. Yəni, həmin müddət ərzində müştəri vaxt edib həmin ödənişini keçirə bilər. Bir müştəri əgər 18 yaşına çatıbsa, müəyyən məsələlərdə qərar qəbul edə bilər. Həmin kreditə görə bank və ya başqa qurum məsuliyyət daşımır. Əgər müştəri öz xərclədiyini bilmirsə, ödəyəcəyi məbləği maaşına görə hesablamırsa, o zaman ödənişlərdə problem yarana bilir. Bununla bağlı bank müştərinin yerinə qərar verə bilməz. Müştəri özü bu haqda öncədən düşünməlidir”.



R.Muradov deyir ki, kredit kartları verərkən bankda vətəndaşın maddi durumu düzgün dəyərləndirilərsə, sonradan ödəmə ilə bağlı problemlər yaşanmaz: “Banka kredit kartı ilə bağlı sifariş daxil olduqdan sonra biz həmin şəxsin maddi durumunu dəyərləndiririk. Müştərinin qazancı nə qədərdir? Bu qazancın nə qədərini ay ərzində xərclədiyini, başqa banklara olan ödənişlərini dəqiqləşdiririk. Müştərinin aldığı maaşın yerdə qalan məbləği bizim borcu ödəməyə imkan verəcəyi halda həmin şəxsə kredit təyin edə bilirik. Təbii ki müraciət edən bütün müştərilərə kart verilmir. Müraciətləri dəyərləndirib sonradan ödəmə ilə bağlı problem yaşanılmayacaq şəxslərə kredit kartı veririk. Belə olan halda bank da kreditlərin ödənməsi ilə bağlı problem yaşamaz”.



İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert

Ruslan Atakişiyev

isə deyir ki, kredit kartları həm ölkədaxili, həm də xarici xidmətlərdə istifadə olunur. Bu da vətəndaşlar üçün böyük önəm kəsb edir. Amma bu həm də bir borc olduğu üçün diqqətli olmaq lazımdır: “Kredit kartları müxtəlif səbəblər üçün müştərilər tərəfindən əldə olunur. Azərbaycanda kredit kartları vasitəsilə ödəniş aparmaq üçün ictimai iaşə obyektlərində, supermarketlərdə post terminallar quraşdırılıb ki, orada alıcı ödənişi kredit kartı vasitəsilə edə bilir. Eyni zamanda bu kartlarda xarici ölkələrdə də rahatlıqla istifadə etmək olur. Ona görə də vətəndaşlar getdikcə bu kartların əldə edilməsində maraqlı olurlar. Kredit kartı ilə alış-veriş həm də vətəndaşın borclanması deməkdir. Çünki o bu kartla alış-veriş edirsə, sonra həmin məbləği qaytarmalıdır. Bəzi vətəndaşlar maliyyə hesablarının düzgün aparılmaması nəticəsində kredit kartlarından düzgün istifadə etmirlər. Bu da gəlirlərin, xərclərin düzgün planlaşdırılmamasından irəli gəlir. Nəticədə xərclənmə nəticəsində vətəndaş daha çox borclanır. Ödəmə qabiliyyəti zəif olduğu üçün sonradan banka aylıq ödənişdə müəyyən problemlər yaşanır”.



İqtisadçı deyir ki, vətəndaşlar kredit kartı götürməmişdən öncə öz gəlirlərini düzgün hesablamalı və kart haqqında ətraflı məlumat almalıdırlar: “Kredit kartı götürməmişdən öncə vətəndaşlar onun funksiyaları, götürüləcək vəsait, onun aylıq olaraq ödənişi haqda düşünməlidirlər. Bu kimi məsələlərə ciddi yanaşmaq lazımdır ki, sonradan borcların ödənilməsində problemlər yaşanmasın”.



Kaspi.az