İqtisadiyyat

Kredit faizləri araşdırılacaq: Banklar tövsiyədən nəticə çıxarıb?

Metbuat.az
Ekspertin fikrincə, Elman Rüstəmovun xeyli ümumi xarakter daşıyan müraciəti bankların faiz dərəcələrini aşağı salınmasına gətirib, çıxarmır

“Bankların müştərilərinə təklif etdiyi kredit faizləri araşdırılacaq”. Milli.Az

musavat.com

-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yeni iqtisadi çağırışlarla bağlı tədbirdə bildirib.



Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən banklara tövsiyə edib ki, kredit faizləri aşağı salınsın. Komitə sədri bildirib ki, AMB kredit faizlərinin dərəcəsini banklarla müzakirə edəcək.



“Bankların müştərilərinə verdiyi kreditlərin faiz dərəcələri rentabelli səviyyəyə gətiriləcək. Bu addımın məqsədi əhalinin yüksək kredit faizlərinə görə çətinlik çəkməsinin qarşısını almaqdır”, - deyə o, qeyd edib.



Qeyd edək ki, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov da bir neçə gün öncə mətbuata verdiyi açıqlamada faiz dərəcələrinin aşağı səviyyəyə salınması üçün işlər görüldüyünü bildirmişdi.



Ekspert Vüqar Bayramovun sözlərinə görə isə, Mərkəzi Bank sədrinin dollar ilə götürülən kreditlərə faiz endirimlərinin tətbiqi ilə bağlı banklara tövsiyəsi borcluların ödəmə qabiliyyətinə hələlik təsir göstərmir: “Səbəb sadədir: əksər bankların təklif etdiyi 2 və ya 3 faizlik endirimlər borclulların “dərdinə çarə” deyil. Təbii ki, dollar ilə götürülən kreditlər ilə bağlı istənilən addım hər iki tərəfin - bankların və müştərilərin maraqlarına uyğun olmalıdır.



Çox sadə misal: manatın məzənnəsi yüksək olan zamanlar 500 dollar aylıq kredit borcu olan şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə ilə həmin borclunun aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Təbii ki, bankların da əsas gəlir mənbələrindən biri xaricdən və ya beynəlxalq maliyyə qurumlarından alınan kreditlərdir. Həmin kreditlər isə xarici valyuta ilə ödənilib. Deməli, məzənnənin neçə olmasından asılı olmayaraq, banklar da öz borclarını xarici valyuta ilə geri qaytarmalıdırlar.



Buna görə də, indiki məqamda daha uyğun yol dollar ilə götürülən kreditlər üçün faizlərin aşağı salınmasıdır. Onsuz da ölkəmizdə kredit faizləri yüksəkdir və onun müştərinin ödəmə qabiliyyətinə təsir edəcək səviyyədə aşağı salınması onların likvidliyinə ciddi mənfi təsir göstərməyəcək”.



Ekspertin fikrincə, E.Rüstəmovun xeyli ümumi olan müraciəti isə bankların faiz dərəcələrinin, demək olar, aşağı salınmasına gətirib çıxarmır. Buna görə də, əslində Mərkəzi Bankın dollar ilə götürlən kreditlərə faiz güzəştlərinin tətbiq edilməsi üçün aşağıdakıların həyata keçirilməsinə ehtiyac var: “Əvvəla, Mərkəzi Bankin belə güzəştlərin tətbiq edilməsi üçün banklara rəsmi və yazılı tövsiyə məktubu göndərməsinə ehtiyac var. Baş bankın idarə heyətinin göndərəcəyi məktubda faiz dərəcələrinin aşağı salınmasının bütün banklara tövsiyə olunduğu bildirilməlidir. İkincisi, tövsiyə məktubunda kreditlər üzrə tövsiyə edilən faiz endirimlərinin intervalları qeyd edilməlidir. Məsələn, indiki halda kredit faizlərinə ümumi faizin 30 faizi həcmində güzəştin edilməsi mümkündür. Yəni, əgər istehlak krediti illik 28 faizlə verilibsə, o zaman həmin kredit faizi 16,7 faizədək aşağı salına bilər. Bu zaman sözügedən kredit üzrə 9,3 faiz güzəşt tətbiq edilmiş olur. Bu isə, həm kommersiya banklarının mənfəət əldə etməsinə, həm də müştərilərin ödəmə qabiliyyətinin normallaşmasına imkan verə bilər”.



V.Bayramov qeyd edib ki, bütövlükdə Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin tövsiyə edilən həddə aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərməsi problemin xeyli yumşalmasına səbəb ola bilər: “Bununla dollarla olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə, onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq və bankların da likvidliyinin qorunub, saxlaması mümkündür”.



Milli.Az