İqtisadiyyat

Kənd təsərrüfatının inkişafı ön planda olmalıdır

Metbuat.az
Ruslan Atakişiyev: “Kənd təsərrüfatı ili”ndə qısa müddətdə böyük dəyişikliyin baş verəcəyini gözləmək doğru deyil”

Qeyri-neft sektorunun inkişafı üçün ölkədə iqtisadiyyatın şaxəli şəkildə qurulmasına ehtiyac var. Azərbaycan iqtisadiyyatının önəmli qollarından biri də kənd təsərrüfatıdır. Bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” kimi qeyd olunur və təsdiq olunan tədbirlər planında bu sahənin inkişaf etdirilməsi üçün bir çox işlərin görülməsi planlaşdırılır. Artıq nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə başlanılıb. Ən son isə fermerlerə verilən subsidiyaların həcmi 25 faiz artırılıb. Amma ilin sonuna qədər həllini gözləyən bir çox problemlər də var. Kənd təsərrüfatı sahəsində görüləcək işlər və bu sahədə olan problemlərlə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri

Ruslan Atakişiyev

lə söhbətləşdik.



- Kənd təsərrüfatının ölkəmizdə bu ilə qədərki inkişafını necə dəyərləndirirsiniz?

- 2014-cü ildə Azərbaycanın ümumdaxili məhsulun 5,4 faizi kənd təsərrüfatının payına düşüb. Bu gün Azərbaycan əhalisinin orta hesabla 47 faizi kənd yerlərində yaşayır. Lakin bu, onların hamısının kənd təsərrüfatı ilə məşğul olması demək deyil. Sovet İttifaqı dövründə Azərbaycan kənd təsərrüfatı sahəsində öndə olan ölkələrdən idi. Sonradan Azərbaycanın kənd təsərrüfatında sovxoz və kolxoz sistemi ləğv edilməyə başlandı. Bunun da nəticəsində torpaqlar özəlləşdirilməyə verildi. Artıq kəndli fermer təsərrüfatları geniş şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycan bir sıra sahələr üzrə daxili tələbatı ödəsə də, ümumdaxili məhsulda cəmi 5,4 faizin kənd təsərrüfatının payına düşməsi gözlənilən nəticədən aşağıdır.



- Bu ilin “Kənd təsərrüfatı ili” elan olunması bizə hansı perspektivləri vəd edir?

- 2015-ci il üçün kənd təsərrüfatı istehsalının ümumdaxili məhsulda payının hardasa 5,5 faizə çatması gözlənilir. Tədbirlər Planında kənd təsərrüfatının inkişafı üçün vacib məsələlər var. Bunların içərisində kənd təsərrüfatı məhsullarının istehsalına verilən dövlət yardımlarının sistemləşdirilməsi öz əksini tapır. Dövlət tərəfindən kənd təsərrüfatının inkişafı üçün subsidiyalar ayrılır. Müxtəlif sektorlar üzrə hektarlara görə dəstək göstərilir. Bu normativ hüquqi aktların hazırlanması kənd təsərrüfatının subsidiyalaşdırılmasında pərakəndəliyin aradan qaldırılıb tamamilə sistemləşdirilməsi və beynəlxalq standartlara cavab verən sistemlərin formalaşması baxımından əhəmiyyətlidir. Fermerlərə verilən subsidiyaların məbləği 25 faiz artırıldı. Bu da stimullaşdırıcı addımlardandır. Həmçinin də Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq ərəfəsindədir. Qeyd edək ki, ÜTT-yə üzvlüklə bağlı danışıqların başlıca mövzularından biri də kənd təsərrüfatının tərəqqisi qarşısında yarana biləcək çətinliklərə yönəlib. Ona görə Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir. Kənd təsərrüfatının inkişafı bu il ön plandadır. Ona görə də bu sahədə dövlət yardımlarının sistemləşməsi əhəmiyyətli məsələdir. Çünki ÜTT-nin tələblərindən biri də ondan ibarətdir ki, ölkənin inkişaf etmiş və inkişaf etməkdə olan statusundan asılı olaraq kənd təsərrüfatına birbaşa dövlət dəstəyinin həcmi azaldılmalıdır.



- Kənd təsərrüfatında ixtisaslaşdırılma da diqqət mərkəzində olacaq. Bununla bağlı hansı görüləcək işlər var?

- Tədbirlər Planında göstərilən məsələlərdən biri də hər bir iqtisadi rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla, kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşdırılması ilə bağlıdır. Ümumiyyətlə, son dövrlər iqtisadiyyatda, kənd təsərrüfatında ixtisaslaşma çox aktualdır. Dünya Bazarına rəqabətqabiliyyətli hansı məhsullarla çıxış edə biləriksə, Azərbaycanın təbii iqlim şəraitinə uyğun olan və ənənəvi sektorlarla yanaşı, əhalinin daha çox ixtisaslaşdığı sahələrə üstünlük verilməlidir. Ona görə də ixtisaslaşdırılmanın həyata keçirilməsi həm intensiv məhsul istehsalının formlaşdırılması, həm dünya bazarına keyfiyyətli, rəqabətə davamlı məhsul çıxarılması, həm də həmin məhsulların marketinqinin aparılması baxımından əhəmiyyətlidir. Suvarma məsələləri də burada önə çəkilir. Bizdə elə kənd yerləri var ki, sovet dövründən qalma suvarma sistemlərindən istifadə olunur. Həm qənaətçi, həm becərilən məhsulların, torpağın tipinə uyğun suvarma sistemlərinin geniş tətbiqinə ehtiyac var. Bu həm də torpaqların şoranlaşmasının qarşısının alınması baxımından əhəmiyyətlidir. Su ehtiyatlarının səmərəli istifadəsi, məhsulun keyfiyyətli yetişdirilməsi, lüzumsuz şəkildə suvarılmasının qarşısının alınması baxımından yaxşıdır.



- Məhsulların idxalı və ixracında həll olunası hansı problemlər var?

- Tədbirlər Planında əks olunan digər məsələ məhsulların ixracı, idxalı istehsalı zamanı keyfiyyət və təhlükəsizliyinə nəzarətin gücləndirilməsidir. Ümumiyyətlə, beynəlxalq, ölkədaxili, bizim qoşulduğumuz regional və Avropa standartlarının gözlənilməsi, əhəmiyyətlidir. Bu, indiyə qədər problemli məsələlərdən biridir. Buna görə də bizim məhsulları ixrac və idxal edən zaman problemlər yaşanır. Çox vaxt həm beynəlxalq, həm ölkə daxilində təsdiq olunan standartlara cavab verməyən, tərkibi modifikasiya olunmuş kənd təsərrüfatı məhsullarının ölkə bazarına daxil olması problemlər yaradır. Bəzi kənd təsərrüfatı istehsalçılarımızın məhsullarını bu gün Rusiya bazarına ixrac edirik. Amma beynəlxalq və Avropa standartları tam tətbiq olunmadığı üçün həmin məhsulların Avropa bazarına çıxarılmasında problemlər yaşanır. Çünki standartlar tam şəkildə tətbiq olunmur və bu haqda bir çox fermerlərimiz məlumatsızdırlar.



- Toxum Fondunun fəaliyyətinin təmin edilməsi məsələsi də Tədbirlər Planında əks olunub. Bu da problemli məsələlərdən idi...

- Son dövrlər Azərbaycana xaricdən toxum gətirilir. Bəzi hallarda bu, pərakəndə formada baş verir, bəzən isə fermerlər özləri alırlar. Bu halda geni modifikasiya olunmuş bəzi toxumlar ölkəyə gətirilir. Azərbaycanda çox böyük seleksiya təcrübəsi var. İnstitutlar fəaliyyət göstərir. Seleksiya işləri həyata keçirilir. Azərbaycan şəraitinə, torpağına, iqliminə uyğunlaşdırılmış toxumlar mövcud idi. İndi onların bəzilərinin fəaliyyəti qənaətbəxş deyil. Hazırda bu sahədə boşluqdan istifadə edərək daha tez məhsul verən, bəzi hallarda geni modifikasiya olunmuş toxumlar gətirilir. Bəzi toxumlar Azərbaycan şəraitinə uyğun olmasa da, gətirilib burada əkilir. Keyfiyyət və forması baxımından standartlara uyğun gəlməyən məhsullar yetişir. Toxum Fondunun fəaliyyəti ölkənin ərzaq təhlükəsizliyi, ölkə əhalisinin ekoloji təmiz məhsulla təmin olunması, dünya bazarına ekoloji təmiz məhsulların ixracı baxımından əhəmiyyət kəsb edir.



- Kənd təsərrüfatı sahəsində elektronlaşma da Tədbirlər Planında öz əksini tapıb. Bu hansı əhəmiyyətə malik olacaq?

- Torpaqların icarəyə götürülməsi, istifadə olunması, alınması, kənd təsərrüfatı məhsullarının istehsalı, pərakəndə satışı məsələlərinin elektronlaşması vaxta qənaət və birbaşa informasiyalaşma baxımından yaxşıdır. Bütün kənd təsərrüfatı sahəsində çalışanlar vaxtında informasiya əldə edə biləcəklər. Əgər öz torpaqlarının istifadə hüququnun əldə olunmasında yerlərdə süründürməçilik varsa, bunların aradan qalxmasında bir həll yolu olacaq. Məmur və fermer təsərrüfatları arasında birbaşa əlaqə aradan qaldırılacaq. Kənd təsərrüfatının elektronlaşdırılması həm bu sahədə şəffaflığın artmasına gətirib çıxaracaq, həm də ödənilən rüsumların şəffaf yığılmasını təmin edəcək.



- Sizcə, görüləcək işlər qeyri-neft sektorunun inkişafında hansı rola malik olacaq?

- “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahəyə diqqəti daha da artırdı. Tədbirlər Planı sahibkarların bu sahəyə marağının artırılması baxımından əhəmiyyətlidir. Birdən-birə böyük dəyişikliyin baş verəcəyini gözləmək iqtisadi baxımdan uyğun sayılmır. Çünki Tədbirlər Planlarında dinamik inkişaf və illər üzrə artımın təmin olunması nəzərdə tutulur. Qısa müddətdə böyük dəyişikliyin olması qarşıya məqsəd kimi qoyulmayıb.



Kaspi.az