Kəlbəcərli məcburi köçkün: Vətənimizin düşməndən azad olunacağına inamımız hər keçən gün daha da artır
Xaçmaz, 2 aprel, Elxan Yusifli,
AZƏRTAC“Biz kəlbəcərlilər bir an da olsa doğma torpaqlarımıza dönəcəyimizə şübhə ilə yanaşmadıq. Yurd həsrəti bizi üzsə də, Vətənimizin düşməndən azad olunacağına inamımız hər keçən gün daha da artır. Kəlbəcərə dönəcəyimiz gün uzaqda deyil!”.
90 yaşlı Kəlbəcər sakini Zaman Zamanov bu fikirləri söyləyərkən gözləri yaşarır. 22 ildir doğma yurdundan uzaq düşən kəlbəcərli ağsaqqal
AZƏRTAC-a müsahibəsində 2 aprel tarixinin onun üçün ən ağır günlərdən olduğunu vurğulayıb.
Ermənilər Kəlbəcəri işğal etdikdən sonra Z.Zamanov ailəsi ilə birlikdə Xaçmaz rayonunda məskunlaşıb. Rayonun Nabran kəndindəki Dostluq Turizm Bazasının ərazisində ümumilikdə 40-dan çox kəlbəcərli, 10-a yaxın Füzulidən olan ailə yaşayır.
Məskunlaşdıqları Nabran kəndinin də Kəlbəcər qədər səfalı təbiətə malik olduğunu deyən Z.Zamanov qaçqınlara və məcburi köçkünlərə göstərilən dövlət qayğısından razılığını bildirir. O, tezliklə doğma torpaqlara qayıdacağına əmin olduğunu söyləyir: “Biz Xaçmaz rayonunda gözəl təbiətə malik ərazidə yaşayırıq. Burda rahat yaşamağımız üçün hər bir şərait olsa da, hər gün doğma Kəlbəcərimizə qayıtmaq üçün dua edirəm. Torpaqlarımızın tezliklə sülh yolu ilə qaytarılmasını istəyirəm. Prezidentimiz İlham Əliyev bunun üçün əlindən gələni edir. Amma düşmənimiz unutmasın ki, bizim də səbrimizin bir həddi var. Son vaxtlar cəbhədə yaşanan hadisələr də göstərir ki, düşmən sarsılmış vəziyyətdədir. Erməni əsgərləri silahı atıb könüllü təslim olurlar. Amma Azərbaycan Ordusu gündən-günə güclənir və hər an torpaqlarımızı düşməndən azad etməyə hazırdır. Biz kəlbəcərlilər yaxın gələcəkdə ata-baba yurdumuza qayıdacağımıza, doğma torpaqlarımızda toy-bayram təşkil edəcəyimizə inanırıq”.
Qeyd edək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53 min 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb.