Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən “ADA” Universitetində seminarların keçirilməsinə başlanmışdır
Bakı, 3 aprel,
AZƏRTACAzərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) tərəfindən “ADA” Universitetində maliyyə sisteminin mühüm seqmenti olan qiymətli kağızlar bazarının elementləri və tənzimlənmə mexanizmləri üzrə seminarların keçirilməsinə başlanılıb.
Komitədən
AZƏRTAC-a bildiriblər ki, QKDK ilə “ADA” Universiteti arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən ardıcıl seminarlar tələbələrin qiymətli kağızlar bazarı sahəsində yüksək bilik və hazırlığının formalaşdırılması məqsədi ilə təşkil olunur. Seminarlar KBTM-in peşəkarları, beynəlxalq CFA və FRM sertifikatlarına malik olan təlimçilər tərəfindən keçirilir.
"Azərbaycan Kapital Bazarının Prinsipləri və Alətləri" mövzusunda təşkil olunmuş ilk seminarda “ADA” Universitetinin biznes fakültəsində təhsil alan tələbələrə Azərbaycanın kapital bazarınnın iş prinsipləri, bazarın xüsusiyyətləri, dövriyyədə olan alətlər və real bazarda baş verən hadisələr haqqında ətraflı məlumat verilir.