Kabel şəbəkəsi yayım fəaliyyəti ilə qanunsuz məşğul olan fiziki və hüquqi şəxslər barədə tədbirlər görülür
Bakı, 17 aprel,
AZƏRTACMilli Televiziya və Radio Şurası tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barədə müvafiq tədbirlər görülməsinə başlanılıb.
AZƏRTAC
xəbər verir ki, Şura tərəfindən Sumqayıt şəhərində xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər aşkar edilərək onlar barədə müvafiq tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət ünvanlanıb.
Eyni zamanda, Bakı şəhərində, əsasən də yeni tikililərdə xüsusi razılıq (lisenziya) olmadan bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti həyata keçirilir. Bununla əlaqədar olaraq xüsusi razılıq (lisenziya) olmadan kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barədə Milli Televiziya və Radio Şurasına (qaynar xətt: 012-498-18-82) məlumat verilməsi xahiş edilir.