İtaliyanın bir sıra xəbər saytları Azərbaycan ilə bu ölkə arasındakı iqtisadi əlaqələri təhlil edib
Roma, 14 aprel,
AZƏRTACİtaliyanın bir sıra xəbər saytlarında Azərbaycan ilə bu ölkə arasındakı iqtisadi əlaqələrin təhlil olunduğu yazılar yerləşdirilib.
Yazılarda qeyd olunur ki, son dörd ildə Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələr olduqca genişlənib. Ötən il Romada Azərbaycan Prezidenti ilə İtaliyanın Baş naziri arasında keçirilmiş görüşdən sonra bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Vurğulanır ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın növbəti hədəfi ticarət dövriyyəsini artırmaq, İtaliya şirkətlərinin Azərbaycanda xüsusilə infrastruktur, enerji, neft-kimya, səhiyyə və ətraf mühit sektorlarında fəaliyyətini genişləndirməkdir.
Yazılarda hər iki ölkənin rəsmilərinin və müxtəlif qurumları təmsil edən nümayəndələrinin qarşılıqlı səfərlərinin əməkdaşlıq üçün yeni imkanlar açdığı qeyd olunur. Xüsusilə TAP layihəsinin reallaşması ilə İtaliya ilə münasibətlərin yeni mərhələyə qədəm qoyacağı vurğulanır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Roma