Dünya

İranın nüvə obyektlərində aparılan tədqiqatlar dayandırılan kimi iqtisadi sanksiyalar da həmin an ləğv edilməlidir

Metbuat.az

Tehran, 5 aprel,

AZƏRTAC

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif dövlət televiziyasında çıxış edərək ölkəsinin Qərblə razılaşmasına dair müxtəlif fikir spekulyasiyalarına münasibət bildirib.


Nazir qeyd edib ki, razılaşmaya əsasən İranın nüvə obyektlərində aparılan tədqiqatlar dayandırılan kimi iqtisadi sanksiyalar da həmin an ləğv edilməlidir.


M.C. Zərif bəyan edib ki, əks təqdirdə İran nüvə proqramını həyata keçirmək üçün işlərini davam etdirəcək və heç kim bunun qarşısını ala bilməz.


Nazirin sözlərinə görə danışıqlar prosesi olduqca ağır və gərgin keçib. Buna baxmayaraq tərəflər razılığa gəliblər. Bu qarşılıqlı razılıq sonradan pozulmaq üçün əldə edilməyib. M.C. Zərif razılaşmanın tam yerinə yetiriləcəyinə inandığını deyib.


Siyasi müşahidəçilər İrana qarşı 3 tip sanksiyaların tətbiq edildiyini bildirirlər. Bunlardan birincisi 1980-ci illərin əvvəllərində ABŞ tərəfində tətbiq edilib. ABŞ Konqresi ölkədəki şirkətlərə İrandan neft almağı və hər hansı bir iqtisadi əlaqə qurmağı qadağan edib. Bununla yanaşı rəsmi Vaşinqton İranla istənilən səviyyədə əlaqəsi olan şirkətin, bankın və başqa qurumların ABŞ ərazisində fəaliyyətini də qadağan edib.


İkincisi BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilən sanksiyalardır. Bunlara əsasən İranın aviasiya, gəmiçilik, maşınqayırma sənayelərinin və ən əsası isə bank sisteminin beynəlxalq fəaliyyəti məhdudlaşıb.


Üçüncüsü isə Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalardır. 2012-ci ildən etibarən ittifaqa daxil olan ölkələr İrandan neft almağı dayandırıblar.


Cari ilin iyun ayında yekun razılaşma müqaviləsinin imzalanıb BMT Təhlükəsizlik Şurasına təqdim edilməsindən sonra əksər sanksiyalar ləğv ediləcək. İlk növbədə bankların beynəlxalq SWIFT kodları açılacaq və İran Avropa və ABŞ-la ticarət əlaqələrini bərpa edəcək. Sonra rəsmi Tehran hasil etdiyi nefti dünya bazarına çıxarmaq imkanı qazanacaq. Bu minvalla cari ilin sonuna qədər bütün sanksiyalar aradan qaldırılacaq.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran