Görüşdə tələbələrə “Elektron hökumət” portalı barədə məlumat verilib
Bakı, 9 aprel,
AZƏRTACRabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) əməkdaşları Bakı Slavyan Universitetində tələbələrlə görüş keçiriblər.
BSU-dan
AZƏRTAC-a bildirilib ki, mərkəzin şöbə müdiri İlqar Abdullayev görüşün əsas mahiyyətindən danışıb, “Elektron hökumət” portalı barədə gənclərə ətraflı məlumat verib. Bildirilib ki, portal vətəndaşların gündəlik sosial problemlərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır, bu da sağlam sosial mühitin formalaşmasına xeyli təsir göstərir. Portalın xidmətlərindən istifadə etməklə əlavə vaxt və vəsait itkisinin qarşısı alınır.
MHM-nin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov qurumun Açıq Açar İnfrastukturundan söhbət açaraq elektron imza və onun üstünlükləri, yeni nəsil şəxsiyyət vəsiqələri, habelə elektron imzanın təhlükəsizlik modulları və digər məsələlərdən danışıb. Qeyd edilib ki, coğrafi, sosial-iqtisadi şərtləri fərqli olan fərdlər və təşkilatların elektron informasiya sisteminə daxil olma imkanları müxtəlif olur, bu isə məlumat almanın əsas problemidir. E-imza bu problemin həlli istiqamətində böyük paya malikdir.
İnteraktiv şəkildə davam edən tədbir çərçivəsində gəncləri maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.
Tədbirdə fəallıq göstərən tələbələrə MHM-nin hədiyyələri təqdim olunub.