Gəncədə 20 min sakinin içməli su təchizatı yaxşılaşdırılıb
Bakı, 20 aprel,
AZƏRTACUzun müddətdir içməli su probleminin müşahidə olunduğu Gəncə şəhərinin Aydın Nağıyev, Cavadxan küçəsində həyata keçirilən layihənin icrası başa çatıb.
“Azərsu” ASC-dən
AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində abunəçilərin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Xan bağı ərazisində subartezian quyusu qazılıb, 1 ədəd yeni ESV 10-65-110 markalı nasos quraşdırılaraq istifadəyə verilib. Bununla da Aydın Nağıyev, Pərviz Səmədov (1-ci döngə) və Cavadxan küçələrində yaşayan 20 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Belə ki, adı çəkilən küçələrdə içməli su günaşırı 1 saat olmaqla verilirdi. Yeni subartezian quyusunun istismara verilməsindən sonra suyun verilişi gündəlik rejimə keçirilib. Eyni zamanda bağ ərazisinin suvarılması üçün əlverişli imkan yaradılıb.
Hazırda Gəncə şəhərinə içməli su Qızılqaya, Göygöl mənbələrindən, həmçinin kəhriz və subartezian quyulardan verilir. Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II açiq kommunal infrastruktur proqrami” çərçivəsində həyata keçirilən Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası tam başa çatdırıldıqdan sonra hazırda istismarda olan 194 ədəd subartezian quyusunun əksəriyyətinin fəaliyyəti dayandırılacaq. Yeni layihə çərçivəsində Qızılqaya, Göygöl və Şəmkirçay mənbələri hesabına şəhərin içməli suya olan tələbatı tam ödəniləcək.