Gəmi qəzalarında yaşanan faciələr kütləvi nümayişə səbəb oldu
Afrikadan Avropaya keçməyə çalışan zaman baş verən gəmi qəzaları nəticəsində yaşanan mühacir faciələri İtaliyada kütləvi nümayişə səbəb olub. Paytaxt Romada yüzlərlə insan parlament binası qarşısında toplaşaraq sonuncu dəfə 800-dən çox insanın ölümü ilə nəticələnən hadisəyə etirazlarını bildiriblər. Fəallar qeyd ediblər ki, hökumət bu cür kütləvi ölümlərin qarşısını almaq üçün müəyyən tədbirlər görməlidir. Əks halda, ölüm hallarını sayı daha da artacaq.
Etirazçı Klaudio Qraçiano: “Bizi Aralıq dənizində batan insanların ruhu bura gətirib. Gəlmişik bu faciəyə görə qismən, bəlkə də, daha çox məsuliyyət daşıyan siyasətçiləri şirin yuxusundan oyadaq. İnsanların həyatını xilas etmək üçün buradayıq. Mühacirlərin və qaçqınların hüquqları qorunmalıdır”
Birləşmiş Millətlər Təşkilatı 800-dən çox insanın ölümü ilə nəticələnən faciəni Aralıq dənizində baş vermiş ən acı hadisə kimi qiymətləndirib. Qəza ilə əlaqədar istintaq araşdırması başladılıb. Sağ qalan 28 mühacirdən ifadələr alınıb.
Rəsmilər təkcə bu ilin əvvəlindən indiyə kimi Afrikadan Avropaya keçməyə çalışan zaman 1800-ə yaxın insanın gəmi qəzası nəticəsində öldüyünü məruzə edirlər. Oxşar faciələrin qarşısını almaq üçün tədbirlər görülməzsə, ilin sonuna qədər bu rəqəm 30 000 ola bilər. Beynəlxalq Miqrasiya Təşkilatı bu barədə xəbərdarlıq edib.
MənbəAssociated Press