Gecikdirilmiş sosial xarakterli yardımların ödənilməsi təmin edilibb
Bakı, 16 aprel,
AZƏRTACƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının da azalmasına səbəb olub.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-mart aylarında DƏMX-in həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ümumilikdə 103 min 481 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,7 faiz azdır. Həmin məbləğin 75 min 841 manatı (73,2 faiz) əmək haqlarından, 5440 manatı (5,2 faiz) zərərə görə ödənclərdən, 22 min 200 manatı (21,4 faiz) isə sosial müavinət və kompensasiyalardan ibarət olub.
Qeyd olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.