FİFA ABŞ senatorlarının Rusiyanı DÇ-2018-dən məhrum etmək barədə xahişinə rədd cavabı verib
Bakı, 2 aprel,
AZƏRTACFİFA ABŞ-ın bir qrup senatorunun Rusiyanı 2018-ci il futbol üzrə dünya çempionatını keçirmək hüququndan məhrum etmək barədə xahişinə rədd cavabı verib.
AZƏRTAC
İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, idman tədbirlərinin boykotunun, eyni zamanda izolyasiya və ya konfrontasiya siyasətinin problemlərin həlli yolunda heç də effektiv metod olmadığını deyən FİFA-nın mətbuat katibi Deliya Fişer turnirin xalqlar və hökumətlər arasında konstruktiv dialoqa, həmçinin sosial dəyişikliklərə münbit təsir göstərə biləcəyini vurğulayıb.
“Futbola bütün problemlərin, əsasən də dünya siyasəti ilə bağlı məsələlərin həlli metodu kimi yanaşmaq olmaz. Biz artıq dünya çempionatının xeyir mənbəyi ola biləcəyini görmüşük. FİFA Rusiyadakı turnirin də məhz belə olacağına inanır”, - deyə Fişer əlavə edib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın 13 senatoru FİFA prezidenti Yozef Blatterə Rusiyanın 2018-ci il futbol üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilməsi və yeni ev sahibinin təyin olunması üçün səsvermə keçirilməsi xahişinın yer aldığı məktub göndərmişdi.