İqtisadiyyat

Federika Quidi: Azərbaycandakı iqtisadi inkişaf İtaliya ilə əməkdaşlığının dərinləşməsinə böyük imkan yaradır

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

İtaliya 7 il davamlı olaraq Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu ölkədən Azərbaycanda əsas kapitala 482 milyon dollar investisiya qoyulub. Hazırda Azərbaycanda 66 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir.


Bu fikirlər İtaliya Respublikasının iqtisadi inkişaf naziri xanım Federika Quidinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan-İtaliya işgüzar görüşündə səsləndirilib.


AZƏRTAC

xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox şirkətin nümayəndəsi iştirak edib.


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və əməkdaşlığımızın uğurla davam etdiyini qeyd edib, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb.


Bildirilib ki, ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və 2014-cü ildə bu barədə müvafiq bəyannamə imzalanıb. Azərbaycan və İtaliya arasında fəaliyyət göstərən Hökumətlərarası Komissiya, müştərək qurumlar, keçirilən biznes forum və işgüzar görüşlər də əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. İndiyədək İtaliya ilə müxtəlif sahələrdə 30 sənəd imzalanıb. Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. İtaliyan şirkətləri “Şahdəniz 2”, Cənub Qaz Boru Kəməri və “Star” layihələrinin kontraktorlarındandır. “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində İtaliyan şirkətləri ilə illik 800 milyon kubmetr qaz alqı-satqısı sazişi imzalanıb. Azərbaycan Hökuməti və SOCAR tərəfindən birgə həyata keçirilən “Star” layihəsi çərçivəsində “SACE Group”la 600 milyon dollar məbləğində maliyyə əməkdaşlığı həyata keçirilir. İndiyədək ölkələrimiz arasında 14 biznes forum və işgüzar görüş keçirilib. Bu cür tədbirlər iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır və bugünkü işgüzar görüş də iş adamları arasında əməkdaşlığın inkişafına müsbət töhfə verəcək.


Nazir Şahin Mustafayev iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu diqqətə çatdırıb, enerji, ticarət, investisiya, yüngül sənaye, tranzit və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.


Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin siyasi və makroiqtisadi sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu vurğulayıb.


Federika Quidi bildirib ki, Azərbaycan İtaliya üçün mühüm əhəmiyyət kəsb edən ölkədir və səfər zamanı ölkəmizdə həyata keçirilən quruculuq-abadlıq işlərinin şahidi olub. Azərbaycanın müxtəlif sahələrdə iri layihələr həyata keçirdiyini qeyd edən xanım Quidi belə layihələrin reallaşdırılmasında İtaliya şirkətlərinin də iştirak etdiyini qeyd edib. Bugünkü tədbirdə xeyli sayda iş adamının iştirak etməsi hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərir. F.Quidi Azərbaycandakı iqtisadi inkişafın Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının dərinləşməsi üçün böyük imkan yaratdığını vurğulayıb, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib, kənd təsərrüfatı, İKT və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov və İtaliyanın Ticarətin Təşviqi Agentliyinin (İCE) baş direktoru Roberto Luonqo müvafiq olaraq Azərbaycanın və İtaliyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.


İşgüzar görüş çərçivəsində Azərbaycanın “SOCAR Polymer” MMC ilə İtaliyanın “Maire Tecnimont S.p.A” Mühəndislik Şirkətlər Qrupu arasında müqavilə imzalanıb.