Enerjidən səmərəli istifadə Azərbaycanda prioritet məsələlərdən biridir
Tbilisi, 17 aprel,
AZƏRTACXəbər verdiyimiz kimi, Tbilisidə "Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində enerji siyasətinin səmərəliliyi" mövzusunda konfrans keçirilib.
Tədbirdə iştirak edən Azərbaycan Energetika Nazirliyinin aparat rəhbəri, Avropa Komissiyasının İNOGATE layihəsinin koordinatoru İftixar Hüseynov
AZƏRTAC-a açıqlamasında deyib ki, konfransda ölkəmiz xüsusi bölgə kimi təqdim olunub, Azərbaycanda enerji layihələrinin şaxələndirilməsi, alternativ enerji mənbələrindən səmərəli istifadə etməsi xüsusi qeyd olunub. "Təqdimatda Azərbaycanın energi təhlükəsizliyinini təmin etməsi vacib məsələlərdən biri kimi qeyd olunub. Bütün bunlar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında düzgün siyasət aparmasının nəticəsidir. Ölkəmiz artıq özünün enerji təhlükəsizliyini tam təmin edib. Enerjidən səmərəli istifadə Azərbaycanda ən prioritet məsələlərdən biridir və nazirliyimizin nəzdində enerji səmərəliliyi ilə bağlı xüsusi şöbə yaradılıb. Bu şöbə 2020-ci ilə qədər dövlət proqramının hazırlanması istiqamətində iş aparır".
Layihə koordinatoru deyib ki, Azərbaycan enerji səmərəliliyinin artırılması, alternativ enerjidən istifadə və digər məsələlərlə əlaqədar məsləhətləşmələr aparmaq üçün Beynəlxalq Enerji Agentliyinə müraciət edib. Biz bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmasını, treninqlərin və konfransların keçirilməsini təklif etmişik. Beynəlxalq Enerji Agentliyinin hazırladığı metodologiya artıq Azərbaycan dilinə tərcümə olunub və biz bundan yararlanacağıq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi