Ölkə

"Daim nəzarətdə saxlayacağam" (FOTO)

Metbuat.az

Prezident İlham Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub.



ANS PRESS-in məlumatına görə, dövlət başçısı bildirib ki, son illər ərzində regionların inkişafı proqramı çərçivəsində çox işlər görülüb: “Əsas məqsəd yerli istehsalın, iş yerlərinin yaradılması və ixrac potensialımızın gücləndirilməsidir. Əminəm ki, vaxt gələcək Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır, bizim maliyyə vəziyyətimiz kifayət qədər yaxşıdır. İlin birinci rübünün yekunları da çox müsbətdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Gələcəkdə biz kənd təsərrüfatının, sənayenin, qeyri-neft sektorunun hesabına daha da inkişaf edəcəyik.



Mən çox şadam ki, son illərdə cənub bölgəsində gördüyümüz işlər nəticəsində böyük infrastruktur layihələri icra edilmişdir. Astarada on ildən çoxdur ki, elektrik stansiyası fəaliyyət göstərir. Qazlaşdırma uğurla gedir. Astara rayonunun qazlaşdırılması 75 faiz səviyyəsindədir. İndi içməli su layihəsi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər Astara təmiz içməli su ilə təmin ediləcək. Yollar çəkilir, Bakı-Astara magistral yolu inşa edilir. Biz bu layihəni müəyyən mərhələlərə bölmüşük. İş yerlərinin, yerli istehsalın yaradılması da əlbəttə ki, diqqət mərkəzindədir.



Belə kompleks yanaşma imkan verir ki, Azərbaycan iqtisadiyyatı neft amilindən daha az asılı olsun və dayanıqlı inkişaf təmin edilsin. Bununla bərabər, Astarada gözəl abadlıq işləri aparılır, bulvar salınıbdır, mən bunu alqışlayıram. Bu, insanların rahatlığı, istirahəti üçün gözəl bir təşəbbüsdür. Bildiyiniz kimi, indi Azərbaycanın müxtəlif yerlərində bulvarlar salınır. Vaxtilə bir bulvarımız var idi - Bakı bulvarı.



Onun uzunluğu təqribən 3,5 kilometr idi. Bir aydan sonra Bakıda yeni açılışlar olacaq. Biz bulvarı genişləndiririk və Bakı bulvarının uzunluğu 16 kilometr olacaq. Digər şəhərlərdə, çaylar boyu yerləşən şəhərlərdə, dəniz kənarındakı şəhərlərdə bulvarlar salınır. Mən bunu alqışlayıram. Bu, gözəllikdir, müasirlikdir, insanların rahat yaşaması üçün edilən gözəl hədiyyədir.



Abadlıq, quruculuq, sosial infrastruktur. Yadımdadır, keçən dəfə Astarada olarkən xəstəxananın açılışını qeyd etmişdik. Məktəblər tikilir, kənd yolları salınır. Demək olar ki, Astara rayonunun əksər kəndlərini birləşdirən kənd yolları tikilibdir, biri bu gün açılacaq. Biz digər kənd yollarının da tikintisinə nail olacağıq ki, Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmasın. Məqsəd bundan ibarətdir. Son illərdə bu sahəyə kifayət qədər böyük vəsait ayrılmışdır. Yollar tikilir, çünki yol olmasa inkişaf da olmaz. Eyni zamanda, yol olanda insanlar özlərini daha da rahat hiss edirlər. Yol həm sosial, həm də iqtisadi layihədir. İnfrastruktur layihələri bizim fəaliyyətimizin birinci mərhələsində ona görə prioritet daşıyırdı, çünki onlar olmasa inkişaf mümkün deyil. Biz elektrik stansiyaları tikməsəydik, bu gün bu müəssisənin də yaradılmasına heç bir imkan olmazdı. Çünki enerji generasiyası, qaz xətləri, infrastruktur, yollar - bunlar hər bir ölkənin inkişafını şərtləndirir. Ondan sonra isə dövlət investisiyalarının yatırılması, kreditlərin verilməsi, sahibkarlığın inkişafı, belə gözəl müəssisələrin yaradılması prosesi başlamışdır.



Qeyd etdiyim kimi, burada mindən çox insan işlə təmin ediləcək. Bu, işsizliyin aradan qaldırılması üçün çox gözəl addımdır. Eyni zamanda, ənənəvi olaraq çay plantasiyalarında qadınlar daha çox işləyirdi, fəaliyyət göstərirdi. Bu da çox vacibdir ki, ailədə hər iki valideyn işlə təmin edilsin. Qadınlar üçün çay plantasiyalarında işləmək Azərbaycanda ənənəvi xarakter daşıyan haldır. Hesab edirəm ki, müasir şəraitdə işləmək, əlbəttə, hər bir insan üçün çox önəmlidir. Gözəl müəssisədir, əminəm ki, burada insanlara, fəhlələrə yaxşı baxacaqlar, onların maaşı da, yeməyi də, iş şəraiti də yaxşı olacaq. Əminəm ki, bu fabrik gələcəkdə öz fəaliyyətini genişləndirəcək. Çünki həm Lənkəranda, həm Astarada, digər yerlərdə imkanlar genişdir, kənd təsərrüfatı, çayçılıq. Siz burada, eyni zamanda, çəltikçiliklə də məşğulsunuz. Bu da çox önəmlidir, bu zonanın ənənəvi kənd təsərrüfatı sahəsidir. Ölkəmiz bax, bu cür inkişaf edəcək, o cümlədən Astara”.



Prezident qeyd edib ki, Astara gözəl rayondur, Azərbaycanın gözəl guşəsidir, gözəl təbiəti, iqlimi, insanları var: “Çox şadam ki, burada həm abadlıq işləri görülür, eyni zamanda, gözəl müəssisələr yaradılır. Bu, mənim Astaraya son illər ərzində yeddinci səfərimdir. Bu, özlüyündə sübut edir ki, Astaraya nə qədər böyük diqqət göstərilir. Mən bundan sonra da burada gedən işləri daim nəzarətdə saxlayacağam".































Mənbə
ANS PRESS